Kaş yenə qayğısız bir uşaq olam Yenə dağ yelləri saçımda gəzə. Gah dəniz sevinci qəlbimə dola, Gah da nəğmə deyəm dərəyə, düzə. Lovğa sakson hara, dağ oğlu hara?! Biri təkəbbürlü, biri azad, şən. Dağlarla döyüşən sərt qayalara Vurular dağ oğlu doğulan gündən.
Tale, nəyə lazım qondarma şeylər?! Qoy qalsın özünə bu şöhrət, bu şan. Namərdəm yaltağa əl versəm əgər, Mənim zəhləm gedir müti qullardan, At məni dağların qucağına sən, Ömrün ilk çağını yaşayım bir də. Qayalar diksinsin dalğa səsindən, Dolaşım gəncliyim ötüşən yerdə.
Yaşım az olsa da, hiss edirəm mən Üzümə heç zaman gülməz bu həyat. Qaranlıq kölgələr gizlətdiyindən Öldüyümüz günü bilmirik, heyhat. Haçansa bir yuxu görmüşdüm, deyim— Dünya sehr dolu, sevgi məskəni. Ey acı həqiqət, qəlbimə dəyib Niyə o yuxudan oyatdın məni? Sevdiyim kəsləri apardı zaman, Dağıldı başımdan gənclik dostlarım. Arzusu, ümidi puç olduğundan Könlümün qəm simi çəkilmiş tarım. Badə qaldıranda məclisdə bəzən, Qəmim bir anlığa əriyir guya. Hərdən qabarsa da sinəm nəşədən. Ürəyim təklikdən darıxır, dünya.
Zənginlər toplaşır işrətə, kefə, Onları dinləmək ürəyə bir yük. Çeynənər tərifli sözlər hər dəfə, Nə dostluq bilinər, nə düşmənçilik. Tale, geri qaytar o az dostları, Məcazıma uyğun, yaşıma uyğun. Bu qəmli şənlikdən mən gecə yarı Qaçıb uzaqlaşım qoy ağrın-yorğun. Sən də, dilbər qadın! İmanım, dinim! Ümidim , təsəllim! İnan Allaha, Elə buz olub ki, ürəyim mənim, Təbəssümündən də doymuşam daha. Peşiman olmazdım, olmazdım yenə, Bu toylu-büsatlı Əzabı bu gün Atardım Ləyaqət, Dinclik naminə, Lal bir səadətə qovuşmaq üçün.
İnsan olan yerdən qaçardım, fəqət Bəşər övladına deyiləm düşmən. Uzaq bir dərədə, ah necə, xəlvət Bir qaya köksünə baş qoyaram mən. Həsəd aparıram indi quşlara — Qumrutək qanadım olsaydı əgər, Əngin səmaları mən yara-yara Uçardım sakitlik tapana qədər.
Müəllif: C.Q. Bayron. Tərcümə: Ənvər Rza.
Çap etmək
|