Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla Sənət dostu olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.
Şilyon məhbusu (Ənvər Rza ) » Milli Misralar
misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 2833 müəllif qeydiyyatdan keçib
və 5502 əsər dərc olunub.

Dərc olunan əsərlərə 20910 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
                    Bu ayın ən fəal şairləri
Saxavat   51
Ruslan Novres   50
Vusal Huseyn   36

            Məşhur əsərlər

Müəllif: abelveliyev
Əsər: Danışan yağış
Oxunub: 97 | Resenziyalar: 5
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ömür karvanı
Oxunub: 89 | Resenziyalar: 3
___________________________
Müəllif: Axundi
Əsər: Qəribədir...
Oxunub: 76 | Resenziyalar: 8
___________________________
Müəllif: abelveliyev
Əsər: Bezdirdi mən olmaq məni
Oxunub: 63 | Resenziyalar: 8
___________________________
Müəllif: Ulvi Rovsen
Əsər: SƏFƏR BƏYƏ CAVAB
Oxunub: 54 | Resenziyalar: 7
___________________________
Müəllif: Axundi
Əsər: Ey Allahın bəndəsi...
Oxunub: 52 | Resenziyalar: 6
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Ayrılıq çox sevinməsin
Oxunub: 48 | Resenziyalar: 2
___________________________
Müəllif: Vusal Huseyn
Əsər: Dünya əyri göstərir.
Oxunub: 40 | Resenziyalar: 4
___________________________
Müəllif: Saxavat
Əsər: ÜRƏYİM BOŞ İDİ AXI
Oxunub: 53 | Resenziyalar: 5
___________________________
Müəllif: Saxavat
Əsər: SÖYLƏ QURBANLIĞINAM
Oxunub: 91 | Resenziyalar: 9
___________________________
"Məşhur əsərlər" siyahısına əsərlər oxunmaların və resenziyaların sayına görə, həmçinin əsərin reytinqinə əsasən daxil olur. Siyahıya yalnız son bir həftə ərzində dərc olunan əsərlər daxil ola bilər. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 7 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: Xafiq
Mövzu: Eşqinin ilhamı
Yazan: Ruslan Novres
Mövzu: Fərqi nə
Yazan: Ruslan Novres
Mövzu: TƏNQİD
Yazan: Ruslan Novres
Mövzu: YARADIB

            Hədiyyələr
Shop.az   Ödənişli xidmətlər   Sənət dostlarım
 
 

Şilyon məhbusu (Ənvər Rza )

Müəllif: KHAGANI | 19 Oktyabr 2011 | Oxunub: 131| Yadda saxlamaq:

Poema

Ι

Saçım qırov kimi ağdır necə də,
Amma yaşda deyil bu ağlıq, inan;
Nə də çallaşmayıb bircə gecədə
Qəfil vahimədən, qəfil qorxudan.
Ağır zəhmət deyil belimi əyən,
İnsanın qəddini iş əyə bilməz.
Qəmli sükunətdə pas atmışam mən,
Məhbəs salıb məni bu hala, məhbəs!
Taleyim çoxunun taleyi kimi
Bircə yol üzümə barı gülürmü?!
Bu şirin həyatdan məhrum olmuşam,
Zindana, zillətə məhkum olmuşam.
Bəlalı başımda, görün, nələr var,
Atamın ucundan olubdur bunlar.
Öldü, həlak oldu o nakam insan,
Dönmədi əzəlki tutduğu yoldan.
Məzarda da əzab verməkçün ona
Zindan qismət oldu övladlarına.
Təkcə mən qalmışam altı qardaşdan.
Odda yandırdılar bir qardaşımı,
İkisi səhrada, əhdi-inamı
Qanla möhürləyib, sonra verdi can.
Üçümüz salındıq zülmət məhbəsə,
Yatdı qəlbimizdə dərd düyün-düyün,
Öldü qardaşlarım, qaldım mən isə,
Qaldım şəhidlərə ağlamaq üçün.

ΙΙ

Şilyon məhbəsində yeddi sütun var,
Mamırdan yamyaşıl don geyib onlar.
İşıq qaçaq olub, qaçıb bu yerdən,
Günəşin şüası yol azıb hərdən
Divarın çatından baxır, görünür,
Nəmli döşəmənin üstə sürünür.
Yanır bataqlıqda yanan çıraqtək,
Sönür yağış vurmuş sönən ocaqtək.
Halqalar vurulub bu sütunlara,
Zəncir bərkidilib onlara, zəncir.
Min bəla törədir,min dərd, min yara
İlantək zəhərli, o paslı dəmir.
Zəncir bədənimə naxış vurubdur,
İzi qollarıma həkk olunubdur.
Zindan həyatına son qoymasam mən,
Silinməz bu damğa, iz bədənimdən.
Bu mən bəxtikəmin solğun gözləri
Bir yerə zillənib haçandan bəri.
Sayını bilmirəm ötən illərin,
Ömrümdən qırılıb itən illərin.
Sonuncu qardaşım düşdü taqətdən,
Meyiti sərildi zülmət zindana,
Sağ ikən ölüylə yatdım yan-yana.

ΙΙΙ

Bizi daş sütuna zəncirlədilər,
Həm də ayrı düşdük o vaxt üç nəfər,
Addım atmağa da imkan yox artıq,
Biri-birimizə həsrət qalmışdıq.
İşıq görünürdü zəif şam kimi,
Tanınmaz olmuşduq yad adam kimi,
Əlimiz qandallı ayrılsaq da biz,
Birgə döyünürdü ürəklərimiz.
Dadmadıq həyatın nəşidəsini,
Yenə də qardaşa qardaş səsini
Eşitmək ən böyük təsəlli idi,
Gələcək günlərin eşqi, ümidi,
Hər qədim əfsanə, döyüş nəğməsi
Ovundurar bizi, oxşardı bizi.
Bunu da çox gördü bizə Yaradan,
Səsimiz tutuldu batdı anbaan.
Sözümüz ağızda, dodaqda dondu,
Əvvəlki o azad, gur səsimizdən
Nişanə qalmadı,nə gizlədim mən.
Min cürə bəd hallar göründü bizdə,
Bizə yad gəlirdi öz səsimiz də.

ΙV

Onların içində böyük mən idim,
Mənim borcum idi təsəlli vermək,
Əlimdən gələni əsirgəməzdim,
Onlar da edirdi elə mənimtək.
Kiçik qardaşımı zavallı atam
Hamıdan çox sevər, çox oxşayardı,
Çünki səma kimi mavi gözləri,
Anamın qaşıtək qaşları vardı.
O çox gözəl idi, günəşli güntək,
Ah, onun yanında canım qalardı.
Belə bir yuvada o quşu görmək
Mənə dərd olardı, kədər olardı.
Şimal gündüzünə bənzətdim onu —
Atamın o körpə, məsum oğlunu.
Şimalda gün batmaz, yayda heç zaman
Göygöz uşaq kimi gülər asiman.
Al günəş al donlu dərənin, döşün
Üstünə nur səpər, göylərdə yanar
(Azadlığa çıxan bir qartal üçün
Gündüzdən də gözəl dünyada nə var!).
O hər vaxt gülərüz şən görünərdi,
Qovardı qəlbindən kədəri, dərdi.
Bir yol qəmlənməzdi öz halı üçün,
Amma qardaşların məlalı üçün
Göz yaşı tökərdi yazıq anatək
Ağlardı ürəyi boşalanadək.

V

O biri qardaşım su tək tər-təmiz,
Qoçaq, iradəli, qəlbi ləkəsiz,
Pəhləvan cüssəli, nər oğlu nərdi,
O, yeri gəlsəydi üsyan edərdi.
Döyüşə səslərdi bütün dünyanı,
Elə igid hanı, elə ər hanı?
Hazırdı vuruşda cumsun qabağa,
Ölümü gülüşlə qarşılamağa.
Təki əriməsin zəncirdə bədən,
Vücudu titrədi zəncir səsindən.
Qəmli bir təranə, avaz idi o,
Get-gedə saralıb avazıdı o.
Mən də əldən düşdüm, mən də o günlü;
Sinəmin hər yeri dağlı, düyünlü.
O — mənim qəlbimdə ən əziz dilək,
Dağılmış bir evin yadigarıtək
Könlümün dünyası viranə idi,
Təsəlli verərdim, çarəm nə idi:
Ovçuydu, asudə günləri vardı,
Dağlarda canavar, maral qovardı.
Onunçün bu zindan — dibsiz dərələr,
Qandal — hər bəladan, hər dərddən betər.



Lemanın suları köpüklənərək,
Şilyon qalasını üzük qaşıtək
Almışdı araya, o dibsiz sular
Bir-birin yosunlu saçını yolar,
Qoç kimi gələrək kəllə-kəlləyə
Dalğalar dağılıb sovrulur göyə.
Dalğalar, bir də ki,ikiqat divar
Bir məzar düzəldib, canlı bir məzar.
Bizim qaldığımız məhbəs ki vardı
Üstündən Lemarın suyu aşardı.
Gecəli-gündüzlü sular, elə bil,
Girib beynimizdə çalardı təbil.
Qışda hayqıranda, qopanda tufan,
Sovrulan dalğalar barmaqlıqlardan
Cumardı içəri, qaya da bu dəm
Titrədi, uçmazdı barı sevinəm —
Tək ölüm qovardı qəlbimdən qəmi,
Baxardım ölümə xilaskar kimi.

VΙΙ

Ortancıl qardaşım ulduztək söndü,
Dağ boyda bir oğlan bir çöpə döndü.
Verilən çörəyə əl də vurmadı,
Ona görə yox ki, acıydı dadı.
Belə xırda şeyə qoymazdı məhəl —
O vaxt nə olsaydı yeyib əlbəhəl,
Durub üz qoyardıq üzü bir yana,
Yağlıydı-yavandı baxmazdıq ona.
Bizə süd verərdi dağ keçiləri,
Bunun əvəzində nə vaxtdan bəri
İçərdik bulanıq çuxur suyunu.
Hələ çörəyimiz... Elə bil onu
İnsanın insanı məhkum edərək
Dəmir qəfəslərə vəhşi heyvantək
Saldığı ilk gündən müdam biqərar
Axan göz yaşında islatmışdılar.
Yox, yox, belə şeylər ona neylərdi?
Bizi sarsıtmazdı çörək, su dərdi.
Gözəldi qaməti, boyu-buxunu,
Yağda bəsləmişdik böyrəktək onu.
Keçəndə naltökən, sərt yoxuşlardan
İnan, təngiməzdi nəfəsi bir an.
Mətləbi uzatmaq nə lazım? Öldü.
Nə ata, nə qardaş köməyə gəldi.
Qolunu tutmadım çabalayanda,
Gedib “can” demədim can verən anda.
Gəmirdim dişimlə, cumdum zəncirə,
Əlləşdim, çalışdım çox əbəs yerə.
Öldü —zəncirini gəlib açdılar,
Ordaca qazdılar dəyaz bir məzar.
Dedim, o dünyada xoş olar xətri —
Yalvardım əfsanə bir şeydən ötrü.
Dedim, elə yerdə yer qazın ona,
Günəş işıq saçsın nəm torpağını.
O, azad doğulmuş bir insan kimi
Bu dustaq məzarda dincələrdimi?!
Gəzdi dodaqlarda soyuq bir gülüş,
Görünür yalvarmaq faydasız imiş.
Onu quyulayıb tez getdilər, ah!
Nə bir daş qoydular, nə bir nişangah.
Yatdı torpaq altda, yatdı o vaxtdan
Bizim sevimlimiz igid bir oğlan.
Məzarı üstündə zəncir qaldı tək
Həmin cinayətin abidəsitək.

VΙΙΙ

Kiçik qardaşıma gülmü deyim mən?!
Nazyla oynardıq doğulan gündən.
Vallah, gözəllikdə gündü, aydı o,
Anamla, elə bil, bir almaydı o,
Onu əzizlərdik bir uşaq kimi,
Atardıq, tutardıq oyuncaq kimi.
Ağıllı, ismətli, həyalı idi,
Atamın fikri, o xəyalıydı.
Çalışdım ölməyim, sağ qalım ki, mən,
Tənhalıq yazığı salmasın əldən.
İşdi, azad oldu bəlkə bir zaman.
Onda dözüm vardı, düşməzdi ruhdan.
Saraltdı onu da bir xəzan yeli
Get-gedə əyilib büküldü beli.
İlahi ölümün hamısı dəhşət!
Can verən görmüşəm, al — qana bülənd.
Can verən görmüşəm, ümman içində
Suda əl –qol atıb güman içində,
Zalım da görmüşəm keçinən anda,
Ölüm yatağında sayaqlayanda.
Onlar dəhşət idi, bu bir müsibət,
Bu ölüm onlara bənzəməz fəqət.
Nainsaf əcəlin ürəyi daşdı,
Gizlicə-gizlicə ona yanaşdı.
Zərif bir sarılıq çökdü üzünə,
Nazildi, sustaldı: di gəl ki, yenə
Gözəllik üstündən perik düşmədi.
Bircə yol sızlayıb, o büzüşmədi.
Fəqət ölənlərə yas saxlayırdı,
Onda bu xasiyyət, bu hallar vardı.
Hələ yanağında qalan qızartı
Ölümü dolayıb ələ salardı.
O — bir qövsü –güzeh; solurdu, ancaq
Gözləri — zindana nur saçan çıraq.
Ömrümdə bir dəfə eşitmədim mən,
Durub gileylənə kəm taleyindən,
Təsəlli verərdi mənə hərdənbir,
Bilməzdi inilti, sızıltı nədir.
Deyərdi, gecənin gündüzü də var,
Bir yandan bağlayan, bir yandan açar.
Taqətdən düşsə də, o, bütün günü
Qəlbində boğardı iniltisini,
Zəiflik axır ki, onu da əydi,
Nəfəsi get-gedə kəsilməkdəydi.
Birdən nə səs gəldi, nə də hənirti,
Bu sükut kəsərdə qılıncdan iti.
Qorxumdan bağırdım vəhşilər kimi,
Yox! Yox! Eşitmədi mənim səsimi.
Təzədən ha çığır, ha döy başına...
Çağırdım fəryadım yetmədi ona.
Dartıb parçaladım zəncirlərimi,
Şığıdım üstünə ana quş kimi.
Gözlər qapanmışdı, ölmüşdü artıq,
Mənə həmdəm oldu təklik, tənhalıq.
Tək qaldım, tək uddum həmin o gündən
Zindan dağılmışın havasını mən,
Belə müsibətə dözər adam da?!
Axirət eviylə mənim aramda
O, son körpü idi, uçub töküldü,
Ömür sarayının tacı söküldü.
Öldü qardaşlarım, öldü zindanda
Biri bu, biri də torpaq altında.
Əlini qaldırıb aldım əlimə,
Mənimki ondan da soyuqmuş demə.
Sızlardı taqətsiz canım min yerdən,
Amma bilirdim ki, hələ sağam mən.
Adam biləndə ki, sevdiyi bir kəs
Gedir, gəlməyəcək, dəli olmaz bəs?!
Bilməm nədən
Ölmədim mən
Qəlbimdə qalmışdı cüzi bir inam,
Yəqin o qoymurdu mən can tapşıram.

ΙX

Sonra olanlardan xəbərsizəm mən,
Başıma nə gəldi yadımda deyil.
İşıq da, hava da yox oldu birdən,
Zülmət də qaçmışdı məndən elə bil.
Ağlımı, hissimi itirdim tamam —
Sandım daş məhbəsə düşən bir daşam,
İtib, qalmamışdı ağıl, huş məndə,
Yalçın bir qayaydı duman içində.
Hər şeydə sarımtıl, xəstə bir görkəm,
Gecəydi, gündüzdü deyə bilmərəm.
Zindan işığına yoxdu bənzəri,
Ondan iyrənmişdim nə vaxtdan bəri.
Kainat əzəldən görən beləmi?! —
Bir boşluq udmuşdu bütün aləmi.
Nə ulduz var idi, nə də asiman,
Burda bilinmirdi zaman və məkan.
Nə cinayət vardı, nə xeyir, nə şər,
Yoxdu zərrə qədər həyatdan əsər,
Yoxdu bir hərəkət, yoxdu bircə səs.
Buranın sakini — durğun bir nəfəs.
Elə bir nəfəs ki, hər vaxt susardı —
Nə ölüm, nə həyat nişanı vardı.
Aləm gözlərimdə — qurumuş dəniz
Sahilsiz, dalğasız lal, hərəkətsiz.

X

Mən bir quş nəğməsi eşitdim birdən,
Bütün varlığıma nur səpdi o səs.
Susdu, cəh-cəh vurub ötdü yerindən,
O şirin nəğməyə tay ola bilməz.
Gözlərim sevincək heyrət içində
Dolandım ətrafa: sevindim mən də.
Bu anda görsəydi məni bir adam,
Bilməzdi kədərə, qəmə yoldaşam.
Sonra yavaş-yavaş qayıtdı yenə
Duyğum, hissiyatım, huşum yerinə.
Gözlərim axtarıb gəzdi dörd yanı,
Gördüm daş zindanın divarlarını.
Qəmli divardakı xırdaca çatdan
Günəşin ziyası göründü bu an.
Ordan baxıb gördüm sevdalı bir quş
Qorxusuz-hürküsüz divara qonmuş.
Lacivərd qanadlı gözəl bir quşdu,
Ötdü, min bir şeydən o söhbət açdı.
Sandım ki, quşcuğaz bayaqdan bəri
Mənimçün oxuyur bu nəğmələri.
Ömrümdə onun tək hələ heç yerdə
Bir quş görməmişəm, görmərəm bir də.
Mənə elə gəldi, o da müntəzir,
O da mənim kimi bir həmdəm gəzir.
Kimsəsiz dustağı yazıq quşcuğaz
Sevməyə gəlmişdi dilində avaz.
Gəlmişdi unudam məlalı, dərdi,
O mənə yenidən duyğu, hiss verdi.
Onu özlərimi azad etmişdi?
Yoxsa ki, qəfəsdən qaçmışdı bu dəm?
Gözəl quş! Bilirəm məhbusluq nədir,
Mən sənə elə şey arzu etmərəm.
Nə deyim, kim bilir, bəlkə zindanda
Cənnət elçisiydi quş libasında.
Gör nələr, gör nələr düşünür insan —
İlahi! Əfv eylə, keç günahımdan.
Bir fikir yeriyib beynimə batdı,
Məni həm güldürdü, həm də ağlatdı —
Yəqin qardaşımın ruhudur göydən
Gəlibdir yanıma; — fikirləşdim mən.
O quş uçub getdi, onda birtəhər
Yaxamı buraxdı qara şübhələr.
Çünki məni qoyub burda tək-tənha,
Qardaşım getməzdi, inan Allaha...
Səma cilvələnib yananda par-par,
Torpaq geyinəndə gülgün bir paltar
Dumansız, günəşli gözəl bir gündə
Lacivərd göylərin dərinliyində
Bir bulud parçası bir də görürsən,
Tək-tənha dolanır, gəzir sərgərdan.
Mən yenə tək qaldım o bulud kimi,
Kəfənə bürünmüş bir meyit kimi.



Gülmək istəyirdi tale üzümə,
Gözətçilərim də gəldilər rəhmə,
Amma bilmirdim ki, nə olub, nə var —
Belə dəhşətlərə baxmağa onlar
Adət etmişdilər nə vaxtdan bəri,
Dartıb sındırdım o zəncirləri
Gəlib bərkitmədi təzədən heç kim,
Bir az sərbəst idim, bağlı deyildim.
Var-gəl eləyirdim zindan boyunca,
Var-gəl eləyirdim hər gün doyunca.
Gəzirdim zindanı qarışbaqarış,
Ayağım dəyməmiş bir yer qalmamış.
Gəzməkdən yorulub bir yol bezməzdim,
Təkcə məzarlara yaxın düşməzdim.
Deyirdim karıxıb tapdaram birdən,
Təhqir eləyərəm məzarları mən.
Nəfəsim kəsilib qalmazdı canda,
Qopardı yaramın qaysağı onda.

XΙΙ

Divarda bir ayaq yeri düzəltdim,
Amma ki, məqsədim deyildi qaçmaq.
Yox idi bir nəfər kimsənəm, kimim,
Udmuşdu hamını bu qara torpaq.
Qaçsaydım, bu dünya mənimçün inan
Bir zindan olardı, böyük bir zindan.
Nə ata var idi, nə qohum-qardaş.
Nə də kədərimə, qəmimə yoldaş.
Oturub dərindən düşünəndə mən
Buna sevinərdim candan, ürəkdən.
Çünki qalsaydılar, onların dərdi
Burda mən yazığı dəli edərdi.
Elə hey istərdim söykənib hərdən,
O dəmir barmaqlı pəncərələrdən
Baxım uzaqdakı qarlı zirvəyə —
Gözlərim ovunub dincəlsin deyə.

XΙΙΙ

Əvvəlki dağlardı gördüyüm dağlar,
Bizə baxmamışdı bir gözlə ruzigar.
Onların başının min illik qarı,
Xeyli aşağıda bir göl hasarı,
Bir də ki, Ronanın coşqun suları
Göründü gözümə, kükrəyib— daşan,
Nəhəng qayaların çiynindən aşan
Dəlisov çayların şırıltısı da
Çatdı qulağıma, gördüm uzaqda
Bir şəhər ağarır, parlayır par-par,
Süzürdü sularda ağ-ağ qayıqlar.
Kiçik bir ada da gördüm bu zaman,
Üzümə gülürdü baxıb uzaqdan.
Üç ağac bitmişdi orda nər kimi,
Oxşardı onları dağın nəsimi.
Adanı öpürdü sular dörd yandan,
Ordakı çiçəklər tər-təzə, əlvan.
Divarın yanında qatarbaqatar
Balıqlar üzürdü, qəmsiz balıqlar.
Bir qartal havanın bağrını yardı,
Qartal baxışımı çəkib apardı.
Döndü bir şimşəyə, döndü bir yelə
Sandım uçmazdı o, əvvəllər belə.
Bir də mənə tərəf o qanad çaldı.
Gözlərim yaşardı, gözlərim doldu,
Canımı bürüdü acı bir təlaş
Dartıb zəncirimi qırmayaydım kaş!
Yenə varlığımdan asıldı bir daş.
Yıxılıb sərildim nəm torpağa mən,
Zülmət ağır yüktək basdı çiynimdən.
Uddu məzar kimi zülmət dumanı,
Qurtuluş axtaran bəxtsiz insanı.
Onun da qədrini bilməmək olmaz —
Yorğun baxışlarım dincəldi bir az.

XΙV

Bilməm aylar ötdü, yoxsa ki, illər,
Tamam yad olmuşdum vaxta, zamana.
Ümidim yox idi heç zərrə qədər
Qəmli gözlərimin açılmasına.
Məni buraxmağa gəldilər bir gün,
Nə üçün? Haraya? — Sormadım fəqət.
Qandallı, qandalsız — birdi mənimçün,
Kədəri sevməyə etmişdim adət.
Qırdığım zənciri bir neçə adam
Açıb qollarımdan atdılar tamam.
Bu zindan — gözümdə hər şeydən uca,
Dönmüşdü mənimçün bir Ermitaja.
Sandım ki, bu gələn adamlar ki var
Məni öz evimdən ayrı salırlar.
Sallanan torlara mən baxdım elə...
Ülfət bağlamışdım hörümçəklərə.
Görmüşdüm siçanlar gecə çağında
Gəzişir, oynaşır Ay işığında.
Olmuşduq bir-birin dərdinə şərik,
Eyni bir mənzilin sakinləriydik.
Bütün Yer üzünün hökmüdarıtək
Əgər istəsəydim, qeyzə gələrək
Onları qırmağa gücüm çatardı.
Di gəl ki, qəribə qaydamız vardı —
Nə bir gileylənər, nə dalaşardıq,
Mehriban yaşardıq, sakit yaşardıq...
Tale dost etmişdi bizləri belə,
Mən sirdaş olmuşdum zəncirlərimlə.
Hamımız bir dinə gəldiyimizdən,
Ahla qarşıladım azadlığı mən.

Müəllif: C.Q.Bayron (1788-1824)
Tərcümə: Ənvər Rza. (1939-1987)

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
      « Əvvəlki əsər: Tərcümə olunanlar (Ənvər Rza ) 
      » Növbəti əsər: Köhnələrdən... 
Əsəri oxuyanlar (58)
  Oxşar misralar:
  • Günəş [hekayə]
  • BU DA GƏLDİ BAŞIMIZA
  • 05. 05. 2012
  • Gizli zəng
  • Dünən yuxuda görmüşəm kimi?!
  •   Resenziyalar (0)  
    Resenziya yazılmayıb
    Əsər ilə bağlı heç kəs rəyini bildirməyib. İlk resenziya yazan Siz ola bilərsiz!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
               Reklam
     
               Ən fəal şərhçilər
     
    Necmeddin
    Resenziyaların sayı: 2480
    Əsərlərin sayı: 61
    bayrami
    Resenziyaların sayı: 1548
    Əsərlərin sayı: 155
    sekineilyasqizi
    Resenziyaların sayı: 1183
    Əsərlərin sayı: 72
    sefer
    Resenziyaların sayı: 1072
    Əsərlərin sayı: 168
    QezelXan
    Resenziyaların sayı: 1035
    Əsərlərin sayı: 108
    Saxavat
    Resenziyaların sayı: 953
    Əsərlərin sayı: 289
    Aygun Rehimli
    Resenziyaların sayı: 899
    Əsərlərin sayı: 280
    Samir Qara
    Resenziyaların sayı: 881
    Əsərlərin sayı: 43
    QABIL EDALET
    Resenziyaların sayı: 666
    Əsərlərin sayı: 78
    ilashka
    Resenziyaların sayı: 632
    Əsərlərin sayı: 31

               Sosial şəbəkə
     
               Reklam
     
                İlin şairi 2011
      "İlin şairi" müsabiqəsində
    səsvermə sona çatdı.

    Nəticələr:
      1-ci yer: Necmeddin
      2-ci yer: QABIL EDALET
      3-cü yer: Rauf

    Sona çatmış bütün sorğuların nəticələrinə burada baxa bilərsiniz.

             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • cuku
    icesausidedly
    carpinteyroxbq
    Vopegropova
    carpinteyroyrd
    Blatnoy xuliqan
    gomfolt
    rhfhfgweq
    esya
    werwre759
  •          Şeirlər tarixlə
     
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az