Cana doyub bu dünyadan dinc bir ölüm haraylaram: Dilənçilik edir indi çünki insan ləyaqəti; Yetər, dindi gərəksizlik gərəklitək, yetər tamam; Yetər, yasaq eylədilər Yer üzündə sədaqəti; Yetər, şərəf paltarında şərəfsizlik daldalandı; Yetər, qızlıq bəkarəti təhqir oldu zaman-zaman; Yetər, yetər zəkalını zəkasızlar avam sandı; Yetər, gücü qandallayıb, gücsüz etdi axsaq dövran; Yetər, çəkib dilçəyini susdurdular istedadı; Yetər, elmə, kamala da alimciklər çıxdı yiyə; Yetər, təmiz sadəliyin sadəlövlük oldu adı; Yetər, düzlük əsir düşdü paxıllığa, əyriliyə. Cana doyub bu dünyadan, nə ölərdim! Ölmürəm mən, Ay sevgilim, qıymaram ki, bu dərdləri tək çəkəsən.
Bülbüllə söhbət
Gül-çiçək fəslində, günün birində Mərsin ağacının həndəvərində Min oyun cıxarır vəhşi heyvanlar, Quşlar cəh-cəh vurur – toy var, büsat var. Hər bir şey unudub dərdi, kədəri, Yalnız sarı bülbül nə vaxtdan bəri Ötür qəmli-qəmli, halı pərişan, Sızlayır, inləyir köksündə tikan. Sınıq bir rübabtək səslənir, dinir, Uğursuz bəxtindən şikayətlənir. Əgər hünərin var, di gəl ağlama!- Baxıram gözümdən yaş dama-dama A bülbül, zarıma, ağlam, bəsdiir, Belə fəryad etmək axı əbəsdir. Ağaclar onsuz da dərdini bilməz, Sənə vəhşilərin yazığı gəlməz. Onlarda hiss varmı duyalar səni?! Oxuma o dərdli, qəmli nəğməni. Qulaq as, bax quşlar sevinir hamı, Onlar kədərinə şərik olarmı? Birisi millənib ləkəsiz göyə, Birisi çəkilib sakit guşəyə. Dərdinə, qəminə məhəl qoymur heç, İndi sərçələr də səni saymır heç. Pandion sağ deyil dərdini bilə, Dostların qəfəsdə çürüyür hələ. Mənim də taleyim kəmdir, əzizim! Bəxtimiz elə bil əkizdir bizim, - Çünki üzümüzə əvvəl gülüb o, Bizi aldadıb o, kələk gəlib o. Hər üzə güləndən dost olmaz, axı, Düşməndən də pisdir dostun yaltağı. Yaltaqdan nə sirdaş?! Nə deyir desin, Yaxın həmdəm tapmaq çətindir, çətin. Dostun da çox olur pulun olanda, Fəqət kasıblasan, bülbülüm, onda Dar gündə əl tutmaz sənə bir nəfər, Dağılar başından saxta həmdəmlər. Xoş gündə dostluqdan dəm vuran insan Dar gündə zövq alar göz yaşlarından. İsrafçılıq etsə əgər bir nəfər, “Səxavətli” deyib tərif edərlər. “Onun krallığa ləyaqəti var” - Onu bu sözlərlə tovlayar onlar. Əgər bir qadına meylini salsa, Tapıb gətirərlər göydə də olsa. Amma bircə dəfə gülməsə bəxti, İtsə həmişəlik şanı, şöhrəti, Əvvəllər iltifat göstərən bir kəs Ona yaxın gəlib daha dost deməz. Bilirsən əsil dost harda sınanır? Çətində sınanır, darda sınanır. Ağlasan, dostun da ağlasın gərək, Yatmasan, yatmasın o da sübhətək. Dərdini, qəmini öyrənib bir-bir, Onu sənin ilə bölüşməlidir. Yəqin ağlayırsan bunun üçün sən – Dostunu düşməndən seçə biləsən.
Təmiz ad
İstər kişi olsun, istərsə arvad, Onunçün şərəfdir ləkəsiz bir ad. Mənim pul kisəmi oğurlayan kəs, İnanın heç bir şey qazana bilməz. Mənim aləmimdə mal, pul heç nədir, O bu gün məndədir, sabah səndədir. Fəqət deyiləsi bir sözüm də var Ləkəsiz adıma qara yaxanlar, Gəlirsiz, qazancsız sözlər söyləyir Məni el içində bədnam eyləyir.
Məhəbbətin fəlsəfəsi
Çeşmələr çaylara, çaylar ümmana, Külək də küləyə qovuşur hər an, Bir ülfət duyulur baxsan hər yana, Ölməz bir qanunu yaşadır cahan. Qovuşmaq eşqidir bu bəxtiyarlıq, Şirin bir duyğudur – ülvi, müqəddəs. Tək-tənha yaşayır de hansı varlıq?! Biz niyə, biz niyə qovuşmayaq bəs?
Dalğalar qol-boyun gəlir sahilə, Dağlar öpüş alır göyün üzündən. Bir çiçək çiçəyə xor bxsa belə, Onun günahını əfv etmərəm mən. Günəş bu torpağı qucmayır əbəs, Ay öpür dənizi, görmürsən məgər! Bu ləzzət bir qara qəpiyə dəyməz Sən mənim üzümdən öpməsən əgər.
Müəllif: V. Şekspir. Tərcümə: Ənvər Rza.
Çap etmək
|