Gülü duya bilməz hər ürək, gülüm, Gülləri gül deyib götürək, gülüm. Gülün ləçəyinə sığal çək, gülüm, Güldən gözəl gülü gül əllər indi.
Ən incə sığalı gülə çəkmisən, Əllərini gülə, gülə çəkmisən Gülün gül ətrini gülə çəkmisən, Çiçək ürəyindi, gül əllərindi.
Baxdı gülə döndü, göz, gülə güldü, Çağladı sinədə söz, gülə güldü. Könlü gözəl olan qız gülə güldü, Güllər cana gəlib güləllər indi.
Şəmsi, gül güləndə güllənər könül, Şeh olub gül üstə göllənər könül. Ölsəm, gül ətrindən dillənər könül: Sinəmdə gül əksin, gül əllər indi.
Çap etmək
|