Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Sənə Allah o müqəddəsliyi ta etmiş əta, O müqəddəsliyin ilə edəcəksənmi xəta? Kimsənin qəlbini incitməyini bilmə rəva,- Özünü etmə mürəkkəb, tanıyaq sadə səni. Hansı fikrindi edən bir belə zay, adə, səni? Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Səni çaşdırmadadir üzdə olan, fe'li-filan?- Ay canım, səndə də var söylədiyin bizdə olan. Üzün altında "qızıl mə'dəni" toz- üzdə olan, Üzü yox, bətni ara, bənzədək ustadə səni. Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Dostların eybini axtarmada pərgar kimisən, Dostlarındır sənə yar, onlara sən yar kimisən? Dostluğun üzdəmi, yaxud üzə astar kimisən? Belə olduqda qağa, kim çağırar dadə səni? Salmayaq yadə səni, ya də sataq yadə səni? Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Söz ki, var "xəlqü-ara, söz də ki, var hülqü-ara" Dostuvun sirrini heyvan kimi az çək bazara... Yazıram amma bu sözlər də yaraşmaz yazara, Bilmirəm sözlə edim mən necə ifadə səni, Çaşdırıb "badə səni, ya də verib badə səni"? Etdiyin həcv gətirməz o qədər dadə səni, Bizə etməkdə hücum, etdi nə amadə səni?
Çap etmək
|