Çəkmərəm "ley-pey"dən əl, "ley-pey"lə canim çıxsa da, "Ağbaş"a ağ olmaram, min bir ziyanim çıxsa da.
Pivəni tərg eyləyəndən konyaka yar olmuşam, Xamlığımdan yox əsər, artıq "sənətkar" olmuşam. Evdə arvad qarşısında o qədər xar olmuşam... İndi yox arvad-uşaq, təkliklə həmkar olmuşam, Kimsə yad etməz məni, ahu-fəğanım çıxsa da. Çəkmərəm "ley-pey"dən əl, "ley-pey"lə canım çıxsa da.
Fırğatı gəlsə vücudum dağ ola tutmaz qərar, Badeyi-mey qənşərində qamətim dördqat olar. "İçgiyə sadiq mənəm, sərxoşların tək adı var,- Məndə içməkdən füzun gillətmək istedadı var" Pozmaram əhvalımı, gözdən dumanım çıxsa da. Çəkmərəm "ley-pey"dən əl, "ley-pey"lə canım çıxsa da.
Aləmi-məstlikdə də dümsükləyən var çortumu, Cəhd edirlər ki, dəyişsinlər kökündən sortumu. Son zamanlar beynimin lap tərpədiblər qurdunu,- Bar dönüb çayxanəyə, müflis ediblər yurdumu... Bu mənəm, hərçənd boşa tez-tez gümanım çıxsa da, Çəkmərəm "ley-pey"dən əl, "ley-pey"lə canım çixsa da.
İndi canım ağ olur candan əziz cananına, Çevrilib can sağlığım "sağlıq"ların qurbanına. Yenə dartır qəlbimi bir qüvvə öz ünvanına... Dözmüşəm "ley-pey"lərin hər cövrünə, nöqsanına- Peysərimdən fışqırıb bir vedrə qanım axsa da. Çəkmərəm "ley-pey"dən əl, "ley-pey"lə canım çıxsa da.
Çap etmək
|