Çeynəyib batili haqqın kökünə etmə calaq, Cücərər haqqın özü, bir gün olar batil alaq.
Əqlinə elm əgər çəksə fuğan, dörpqü-filan, Sözlərin olmaz hədəs,-vaqiəsi gop və yalan. Nitqi həm moizəni məntiq ilə etsən əyan Dayağın olsa Üsul, fəlsəfə,-mə'cuni-kəlam, Onda vurmaz üzünə kimsə söz ilən şapalaq. Fiqh bunlarla münəvvərdi sən ey kor yapalaq!
Dini-islamımızın hikməti-Qurandı tacı, Dost tutar haqqı Xüda, batilə yox ehtiyacı. Məşədi olmağının bilginə yoxdur əlacı, Kərbəla zəvvarı ol,-get o yana lap ol hacı, Kəmsavadlıq atacaqdır sənə hər vaxt badalaq. Çeynəyib batili haqqın kökünə etmə calaq!
Söyləyirsən: Cücə su içdiyi vaxt zikr eləyir,- Qovzayıb dimdiyini göylərə çün,- şükr eləyir. Kimsə bu mənzərənin dərkinə çox fikr eləyir... Bu cəfəng təbliğə bir baytar həkim verdi təlaq. Çeynəyib batili haqqın kökünə etmə calaq!
Cücə dən dənləmədə şükrümü yaddan çıxarır? Həzm edilmir dediyin, haqq onu daddan çıxarır. Quyu bir yanda, deyən var suyu oddan çıxarır, Yambızından aşağı ayrica xoddan çıxarır... Nə qədər hərcayı sözlər eşidər gündə qulaq? Çeynəyib batili haqqın kökünə etmə calaq!
Heyvanat aləminin hər növü su içmədədir, Lap əzəldən özünə məxsus üsul seçmədədir. Başını qovzamayan küfrə tərəf keçmədədir, Bəlkə ''Allahsız olub'' evdə pişik, çöldə balaq? Çeynəyib batili haqqın kökünə etmə calaq!
Ərz edirsən:- Doğularkən uşaq inqa eləyir,- Söyür ''inqa mələyi''n,- mərəkə-qovğa eləyir, Matkadan zorla basıblar çölə, eh-vay eləyir. İnanın, çünki, bunu Kəbleyi ''mə'na'' eləyir... Ehli-iman olacaq kim bu sözə versə qulaq? Elə imansiz özünsən ay ulaq oğlu ulaq Çeynəyib batili haqqın kökünə etmə calaq!
Köndələn gəldi uşaq, bəs hanı inqa mələyi, Tələsib tərsə basıb, işdə nə imiş diləyi? Yenə bəxş etdi həyat, cinsinə həmcins əməyi, Düzəliş verdi mama hər şeyə ey üzdəniraq, Çeynəyib batili haqqın kökünə etmə calaq!
Çap etmək
|