Ay camaat, gəlib yeni zəmanə, Şerü- sənət üz tutub biyabana, Əruz, heca vəzni düşüb böhrana, Dəbə minib başda gedir yan- yana: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
Yasda molla yalancadan ağlayır, Əzadarın ciyərini dağlayır, " Hüseyn" deyib cibə pənah bağlayır. Fərq eləmir, nə söyləsə, meydana: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
Toyda, mağarda adamlar alçalır, Gah atılır, gah bükülüb açılır... Çırtma vurur, sinə döyür, əl çalır... Muğam üstə hədyan deyir şadyana: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
İşdə, məclisdə: hər yerdə, rəhbərə, Qələndərə, biləndərə, bərbərə... Gedən bəyə, gələn xana, öndərə Nökər oğlu nökər deyir haqqına: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
Dərviş olub əba geyə, deyəm : Hə ! İmam şənindən söz deyə, deyəm: Hə ! Şeytanı yox, Haqqı öyə, deyəm: Hə ! Yoxsa rəvamı bekara oxuna: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
Sanki bu millət əhli -kef adammış ! Qarabağı verib şadlıq yapanmış ! Yoxsa bunun bəsarəti qapanmış ? Həya edib söyləməyə, usana: Mərsiyə, mədhiyyə, qəzəl, meyxana.
Çap etmək
|