Qürbətdə çəkdiyim qəmdi, kədərdi, Ay Vətən, dözmürəm, bil, səndən ötrü. Gözümdə bir qara quruşa dəyməz, Çiçək səndən ötrü, gül səndən ötrü, Ay Vətən, dözmürəm, bil, səndən ötrü.
Qara gəldi, qara getdi bu yazım, “Cəngini çalmamış qırıldı sazım, Nitqim də tutulub, gəlmir avazım, Gör necə gödəlib dil səndən ötrü? Ay Vətən, dözmürəm, bil, səndən ötrü.
Demə ki, baharım sənsiz qış deyil, Demə ki, həsrətim bir qarğış deyil, Gözümdən axan da qandı, yaş deyil, Axır Tərtər qədər sel, səndən ötrü, Ay Vətən, dözmürəm, bil, səndən ötrü.
Akif yenə gümanları varaqlar, Murovdan, Keytidən varmı soraqlar? Bir gün alışarmı sönən çıraqlar, Yurda dönərikmi el, səndən ötrü? Ay Vətən, dözmürəm, bil, səndən ötrü.
Müəllif : Akif Kamal
Çap etmək
|