Dəvə çinarların pöhrə köşəyi, Palıd çobanların çəmən döşəyi, Dünyanın qurd-quşu, iti, pişiyi Yaman gözəlmiş!
Qızıl dan yerinə səda düşəndə, Səməndər ürəyim oda düşəndə, Səhvim vicdanımda yada düşəndə Yaman gözəlmiş
Qırdıq meşələri, necə əfəlik! Beş-on turac qalıb, beş-altı əlik. O qıjı, cincilim, yemlik, əvəlik Yaman gözəlmiş!
Imzasız bir böhtan oxundu, tfu! İnsanın adına bir ləkədir bu. Üçbucaq möhürlü əsgər məktubu Yaman gözəlmniş!
İndi dünyamızın taleyi bizik. Paxılın güvənci hiylə, xəbislik. Yaxşının yamana etdiyi pislik Yaman gözəlmiş!
Sonsuzluq qorxusu dönər bir yükə, Gəlin avazıyar qəm çəkə-çəkə. Alnını qəflətən bürüyən ləkə Yaman gözəlmiş!
Təzə bir yuvanın təzə dirliyi, Vüsal paylıların ağızbirliyi, Üçgünlük çağanın eybəcərliyi Yaman gözəlmiş!
Ümidin zülmətdə işıq görməsi, İnsanın qılıqsız salam verməsi, Yallı köpəklərin qurda hürməsi Yaman gözəlmiş!
Dünyaya pis demə, insafa gəlmiş, Bu dünya gözəlmiş, Yaman gözəlmiş!
Müəllif: Ənvər Rza. 1986.
Çap etmək
|