Şirin mürgü döyür çiçəklər, otlar; Ay gümüş sulara qərq olub batır. Gecənin nə kövrək, xoş görkəmi var – Təbiət uyuyur, təbiət yatır!
Təpələr – yastığı, göylər – yorğanı, Çəmən döşəyidir demə yoxudur; Kəpəzin, Qoşqarın bomboz dumanı Onun gözlərinə çökən yuxudur.
Axan bulaqların, çayların səsi Yatmış təbiətin mışıltısıdır. O ulduz karvanı, ulduz cərgəsi Sabahkı arzumun işıltısıdır.
Gözümü çəkmirəm dağdan, dərədən, Mən ona baxıram özündən xəlvət. Üfüqdə şimşəklər oynaşır hərdən – Yuxuda diksinir ana təbiət.
Ulduzlar göylərdə min məclis qurub, Yerdə, vurulduğum diyar yatıbdır. Dağlar Koroğludur, keşikdə durub; O tayda Urmiya – Nigar yatıbdır...
Çöllərin geydiyi məxmərdir, məxmər; Təpələr veribdir çiyin-çiyinə. Bu yatan dərələr, bu yatan düzlər Məni öz yuxumdan oyadıb yenə.
Müəllif: Ənvər Rza.
Çap etmək
|