Dağların
Vətən harayımı dinlə, ey xuda, Rəvadırmı, analar yaş axıda, Oyatmayın, heç olmasa yuxuda, Doyunca ətəyin, gəzim dağların.
Utanıb, başın buludla bürüyər, Bənövşəsi, qan içində çürüyər. Dərdini söyləsə dağlar əriyər, Sinəsi dağlıdır, bizim dağların.
Keçmişisən, bu günüsən gerçəyin, Sinəndəki qardı, saçın, birçəyin, Dərdə məlhəm olan, gülün, çiçəyin, Şehli kəkotusun, üzüm dağların.
Ruhum yenə, qucağına tələsdi. Bitərmi düşmənin qərəzi, qəsdi, Namərd tapdağında qaldığı bəsdi, Necə həsrətinə, dözüm dağların,
Sənsən, şairlərin şeri, qəzəli, Yazda gülü var, payızda xəzəli, Varmı görən, bizim dağdan gözəli, Qəlbinə dəyməsin, sözüm dağların.
Səni istəməyən, necə bəndədi, Sevgin doğulandan, bu bədəndədi, Sərin yaylaq, buz bulaqlar səndədi, Havasında qalıb, gözüm dağların.
Heyranam köksündə dumana, çənə, Kaş əl uzadanda çataydı sənə, Qədəmim toxunsun, qarlı zirvənə, Qoy naxışı olsun, izim dağların.
Səni görmədiyim günləri sayım, Səndə donub qalıb, baharım, yayım, Göz yaşımı mirvari tək toplayım, Gedim, sinəsinə düzüm dağların.
Tanrı yaratdı ki, yer möhkəm qala, Çəkdiyi həsrətdən, bitirib lala. Rəhimli, bir kərə yetsəm vüsala, Qurbanı olacam, özüm dağların.
Çap etmək
|