Əhdinə, sözünə düz olan bahar Yaşıl köynək tikib çölə, çəmənə. Qışda qan-qan deyən buzqılınc dağlar Gəlinə bənzəyir, təzə gəlinə.
Toy, büsat bürüyüb bütün aləmi, Arzunun, həvəsin coşan çağıdır. Göylərdə iz salan qövsi-quzehmi, Yoxsa ki, həmayil boyunbağıdır?!
Bahar toy yerinə xalça gətirib, Naxışı min cığır, min iz, min ləpir. Buludlar elə bil xonça götürüb Ağ saçlı anatək ağ noğul səpir.
Quşlar qarşılayır gələn qonağı, Sürülər yollarla çəkilir bir-bir. Onları xeyirxah aran torpağı Bu gəlin dağlara cehiz göndərir.
Müəllif: Ənvər Rza.
Çap etmək
|