Qışda şimşək buludu Doğramaz şırım-şırım. Guruldamaz qışda göy, Qışda çaxmaz ildırım. Qışda yatıb dincələr Qarışqalar, ayılar. Yatar yerin özü də, Bir də yazda ayılar. Buludlar səyyah olar Dağları minə-minə, Göylər udar səsini Qışda dinclik naminə. Çünki daşın, torpağın Hər bostanın, hər bağın Dincəlməyə haqqı var. Nərgizin, bənövşənin, Çəmənliyin, meşənin Dincəlməyə haqqı var. Dərənin, dağın, döşün, Biçənəyin, örüşün Dincəlməyə haqqı var. Arıların pətəkdə, Nəğmələrin tütəkdə Dincəlməyə haqqı var. Qışda şimşək buludu Doğramaz şırım-şırım. Guruldamaz qışda göy, Qışda çaxmaz ildırım. Elə ki, bahar gələr, Buludlar susmaz daha – Birdən kimsə oyanmaz, Gecə yuxuda qalar, Göylər batar günaha.
Müəllif: Ənvər Rza. 1983.
Çap etmək
|