* *
Oyanmışam gecə yarı Qəfil qopan gurultuya. Çaxir şimsək, göyü yarır, Qərq edərək parıltıya
Mən yatanda sakit idi. Nə oldu birdən gecəyə? Külək, şimşək hücum çəkdi Sanki yer-yerdən gecəyə.
Yağış coşur dalğa-dalğa, Qaçıb gedib qorxudan ay. Düz gecədən axa-axa Nərildəyir yaxında çay.
Səssiz çaxıb, heyran baxıb, Parıltılar şaqqıldayır. Birdən dönür buza yağış, Şırıltılar taqqıldayır. Damcıları - qamçıları Külək çırpır hirslə dama. Gecə nə demək istəyir Yağa-yağa, dama-dama?
* * Pəncərəni açan kimi Yağış dolur otağıma. Əl-qol açıb qucan kimi Dönür əziz qonağıma. Sinə dolu nəfəs alcaq Yağış girir nəfəsimə. Salır məni tufan olmaq, Yağış olmaq həvəsinə. Uçum gedim pəncərədən Tufan dolu bu gecəyə, Axmaq üçün hər dərədən, Yağmaq üçün hər küçəyə. Namərd, xəlvət zülmətləri Tapıb, vurub yıxmaq üçün, Qəfil çaxıb qaranlığın Sifətinə baxmaq üçün.
İşığın bircə üzü var, Qaranlığın min sifəti. İşıqlaşıb tapmaq olar Qaranlıqda həqiqəti. * * Lakin cürətim catmadı, Dönüb gəldim otağıma. Tufan onu oyatmadı, Sakit girdim yatağıma. Mən yatağa sığınmışam, Anasına bala sərçə. Çox narahat ana quşun Ürəyindən nələr keçər?.. Bağçamızda gecə gəzən Kirpi indi hara girib? Səksəkədə əsən qəlbi Yumulmaqda çarə görüb. Cığırlarda işıldaquş Sönübmü,yoxsa ki yanır? Cırcırama səs salmamış Tab edib necə dayanır? Qırtıldayıb ana toyuq “Qorxma, -deyir balasına, - Həm Allaha qurban olum, Həm də onun bəlasina.”
* * Budur, yağış yazıqlaşır, Külək salmır haray-həşir. Parıltılar uzaqlaşır, Gurultular sakitləşir. Hər tufandan sükut doğar, Hər gecədən aydın səhər. Kişi kimi ölür tufan, Ömür sürmür o, birtəhər. Yağış yağır gecə çağı, Xeyli sakit, xeyli fağır. Daha coşmur dəli kimi, Hüzürümə indi yağır. Çiçəklərin qaçan ətri Sabah səhər qayıdacaq. Sabah gecə tufan deyil, Bülbül məni oyadacaq. Sevgi yagır gecə vaxtı Göydən yerə, yerdən göyə. Könlümdən bir nəğmə axdı, Heyran oldum o nəğməyə. Yağış yağır gecə vaxtı, Aram-aram damı döyür. Ah, bu yağış da bir bəxtdir, Bu gecəmə sirr çiləyir.
Şırıltısı ana kimi Layla çalır körpəsinə. Körpə yatmır,ona kimi Şirin yuxu gəlir mənə.
Çap etmək
|