Nəsibim cövrü-cəfa,dərdü-məlaldır gecələr, Ümidim vəslə fəna fikrü-xəyaldır gecələr.
Ona canan demişəm mən,bu nə addır,görəsən? Əməli ilə nədən ismi təzaddır,görəsən? Bu qədərmi dəli könlüm ona yaddır,görəsən? Məni bimar eləyen tək bu sualdır gecələr.
Gözümün yaşına göz yumdu o biganə kimi, Məni səhralara saldı dəli-divanə kimi, Çəkilir ərşə yuxum sübhü-obaşdanə kimi, Bu xəyal olsa da,yar ilə vüsaldır gecələr.
Günəş etdikdə qürub,qəlbim olur möhnətdə, Oyanır qəm dolu hisslər də həmin müddətdə, Gözümün yaşını nurlandırır Ay zülmətdə, Baxır hüzn içrə susur hər dəfə,laldır gecələr.
Bu cavan yaşda mənim getdi bütün ömrüm hədər, Niyə yoxdur mənə qəmxar,mənə yar bircə nəfər, Məni-bimari unutmuşmu məgər cümlə-bəşər? Soran əhvalimi yoxdur,bu nə haldır gecələr?
Mənə bir xoş gün əta eyləmədi fani həyat, Elə ki güldü üzüm,verdi mənə dərd o saat, Məni dünya malı,dünya qəmi etmir narahat, Mənə qəm çəkdirən ol qaşı hilaldır gecələr.
Fikir etme,bu qeder dərdü-qəmə düçarsan, Bu ki yar həsrətidir,sən də dili bimarsan, Bu nə qəmdir ki,Rauf,Allaha şükr et,varsan, Açaraq əllərini göylərə qaldır gecələr.
Çap etmək
|