Bir gecə yar zəng elədi,söylədi ki,dinlə məni, Mən də dedim,hər nə desən,dinləyərəm şövqlə səni.
Çox da sevinmə,dedi o,ayrılırıq biz,qulaq as, Sil ürəyindən adımı,mən gedirəm,saxlama yas.
Gül,danış əvvəlki kimi,çəkmə mənim həsrətimi, Sevmirəm artıq səni mən,tapmışam öz qismətimi.
Sən də sevərsən birini,ay batacaq,gün çıxacaq, Bəlkə də məndən gözəli qarşına bir gün çıxacaq.
Bəlkə də məndən daha çox istəyəcəksən onu sən, Sevginə layiq deyiləm,sevmədim heç vaxt səni mən.
Sanki bir an dondu dilim,ömrümə qış gəldi qəfil, Çökdü qaranlıq gözümə,söndü həyatım elə bil.
Əsdi əlim,dil-dodağım,qəm bürüdü gözlərimi, Çox düşünüb,axır ona güclə dedim sözlərimi.
Sən nə deyirsən,gözəlim,varmı özündən xəbərin? Gəl tələsik vermə qərar,söylə,düşündünmü dərin?
Böylə asanlıqla məni tərk edə bilməzsən axı, Mənsiz ömür yollarını tək gedə bilməzsən axı.
Söylədi,sənsiz də mənim xoş keçər ömrüm,saatım, Zərrə qədər səndən axı aslı deyildir həyatım.
Tutma məni söhbətə çox,yad bir adamsan daha sən, Sənlə vidalaşmaq üçün zəng eləmişdim axı mən.
Bir də mənə zəng eləmə,admı unut bir dəfəlik, Son sözünü söylədi o,çökdü sükut bir dəfəlik.
Bir hala düşdüm ki o dəm,sözlə demək olmaz onu, Düşdü gözümdən bu heyat,eşqin əzab oldu sonu.
Gözləmədim,zəng eləyər,çünki bu son zəngi idi, Bir səs eşitdim bu zaman,səs telefon zəngi idi...
Birdən ayıldim yuxudan,telfona baxdım o saat, Gördüm,o qızdandı mesaj,sən demə qalmış narahat.
Çünki görüş vaxtı çatıb,mənsə yatıb qalmışdım, Yarımı röyada görüb,bərk yuxuya dalmışdım.
Şükr elədim ki,yuxudur,itdi bu gözlərdəki qəm, Sevgilimi görmək üçün tez görüşə getdim o dəm.
Çap etmək
|