Ürəyinə damanları unutma, Gileylənmə yağışından sel olar. Məhəbbətin göz yaşını qurutma, Qoy süzülsün, dama-dama göl olar.
Sözlərini söylə sadə, səmimi, Apar məndən kədərimi, qəmimi, Gəl batırma eşq gölündə gəmimi, Küləklərin tufan deyil, sel olar.
Yaşayıram həsrətinə nə vaxtdır, Sən gedəndən ürəyimə qonaqdır, Nə biləydim eşqə tor quracaqdır, İcazə istədi, dedim "gəl, olar".
Ayrılığa vida deyib qolladım, Eşqnaməni səmalara yolladım, Sevgimizi ürəyimdə saxladım. Bilən olsa dodaq olar, dil olar.
Səni gördüm kamalımı itirdim, Ürəyimi sənə bəxşiş gətirdim, Xəyallarla min arzular bitirdim, Arzularım çiçək açar, gül olar.
Nəğmələrim dənizləri aşarsa, Ürəklərdə tufan olub coşarsa, Məhəbbətim qürbət elə qaçarsa, Mənə qalan Vətən olar, el olar, Yada salan Vətən olar, el olar.
Çap etmək
|