Səslədim, səslədim, geri dönmədin Qayıdıb gəlirsən indi nə fayda Çağırdım, çağırdım, bir yol dinmədin Səhvini bilirsən indi nə fayda.
Sən mənə buz oldun, mən sənə isti. Alışan ürəyim incidi, küsdü, Nə istək o istək, nə hiss o hissdi. Üzümə gəlirsən indi nə fayda.
Vədəsiz yandırdın həsrət oduna, Sinəmə dağ çəktin, nə deyim buna, Günahkar özünsən, nə küs, nə qına. Dərdimi bilirsən indi nə fayda.
Min qönçə arzumu sən çırpdın daşa, Ömrümü vədəsiz çevirdin qışa, Tənhalıq yar oldu mənə, get yaşa Göz yaşın silirsən indi nə fayda.
Bu şirin sözlərə inamım itib, Yerində mamırlı bir həsrət bitib, Özünü qarşımda göstərmə müti, Mənimçün ölürsən indi nə fayda.
Çap etmək
|