Bir ocaq qaladım, odlandı sinəm, İxtiyar olmadı, danışam dinəm, Bir şeir yazdım ki ,ağladı qələm, Baxdılar, dedilər, ah nə gözəldi.
Bağ saldım, gülləri soldu açmamış, Qəlb külə dönübdü, heç odlanmamış, Dərddən dağ ucaltdım, misli olmamış, Baxdılar, dedilər, ah nə gözəldi.
Bağban fəxr eyləyər bağın barıyla, Aşiqlər tanınar düz ilqarıyla, Lalələr bəslədim, ürək qanıyla, Baxdılar ,dedilər, ah nə gözəldi.
Pərvanə yanmamış şəm necə söndü, Gündüzüm bir zülmət gecəyə döndü, Göylər də halıma göz yaşı tökdü, Baxdılar, dedilər, ah nə gözəldi
Çoxuna sən dedin, çəkməyin dərd qəm, Ömrü elə yaşa olmasın ələm, Bir gün daş yazılar, nişan, Səfərəm, Baxarlar ,deyərlər, ah nə gözəldi.
Çap etmək
|