Bülbülü köksündən yaralı gördüm, Ayıldım, gül nədi, xar nədi bildim. Dağları dumandan aralı gördüm, Zirvədə ağaran qar nədi, bildim.
Köz olub ocaqda külə qarışdım. Qar kimi əriyib selə qarışdım. Sevdim, uşaq kimi küsdüm, barışdım, Könlümü ovlayan yar nədi, bildim.
Allah, bəndələrin düz yola getmir, Çağır dərgahına tez, yola getmir. Görəndə bazarda söz pula getmir, Bax onda hal nədi, ,v ar nədi, bildim.
Ağladı buludlar, hey səsi gəldi. Çiçəyi açıldı, meyvəsi gəldi. Öldüm, qulağıma ney səsi gəldi. Diksinib oyandım, gor nədi, bildim.
Çəməndə çiçəkdən bir xalı gördüm, Açıldı nə qədər sirr, xalı gördüm. Göylərdə qıy vuran qartalı gördüm, Yerdə leş axtaran sar nədi, bildim.
Tanrının işinə əl apardılar, Çaşıb gül bağına gül apardılar. Ləl bilib bir torba kül apardılar , Utanıb qızardım, ar nədi, bildim.
Sökülür dan yeri, dan çəkir bizi, Gedirik, sonuncu an çəkir bizi. Gözümə qan dolub, qan çəkir bizi, Mayası qan olan nar nədi, bildim.
Soruşdum, dedilər ikidi dünya, Əslində bir dərviş yüküdü, düny a. Aldatma Şəmsini, a gidi düny a. Bəsdi bildiklərim, hər nədi, bildim.
Çap etmək
|