Haqq nuruna boyanmayan, top atmaqla oyanmayan, qazı, işığı yanmayan, üzün gülsün, Novruz gəlib!
Atası, anası kasıb, qohumu, qudası kasıb, koması, odası kasıb, üzün gülsün, Novruz gəlib !
Evi yox, obası qərib, odu yox, sobası qərib, qohum - əqrəbası qərib, üzün gülsün, Novruz gəlib!
Oğlun atıb yurd daşını, bazarda girlər başını. Ana, tökmə göz yaşını, üzün gülsün, Novruz gəlib!
Qarabağın qara bağrı, qara bağladı bağları. Yurd həsrəti çəkən qarı, üzün gülsün. Novruz gəlib ! Yaşamaq, dolanmaq çətin, günü qaradır millətin. Qapıya göz dikən yetim, üzün gülsün, Novruz gəlib !
Nökəri olduq yad elin, Xətası çox bu get - gəlin. Ər yolu gözləyən gəlin, üzün gülsün, Novruz gəlir !
Çörək dalınca gedən, gəl, yurd - yuvanı tərk edən, gəl, yad ellərdə nəf güdən, gəl, üzün gülsün, Novruz gəlib!
Əsəbdən ər -arvad əsir, güzəran əlində əsir. Bir həsir, bir Məmmədnəsir, üzün gülsün, Novruz gəlib !
Dərman almağa pulu yox, qazanan qızı, oğlu yox, yaşamağın bir yolu yox, üzü gülsün, Novruz gəlib.
Qəhərdən qəlbi yaxılan, aclıqdan qarnı sıxılan, yorğan - döşəyə yıxılan. üzün gülsün, Novruz gəlib .
Ağrılardan qan ağlayan, Allaha ümid bağlayan, kömək, yardım soraqlayan, üzün gülsün, Novruz gəlib !
Gözləri kor, qulağı kar, Tənha bifr qoca ağlayar, Dadına çat, pərvərdigar, üzü gülsün, Novruz gəlib !
Ağrı - acı çəkilsin qoy, təzə ilə xoş qədəm qoy. Qarabağda çalınsın toy!! Üzlər gülsün, Novruz gəlib !
Çap etmək
|