Hörmətli Misra.az portalının oxucuları,
Bu yaxınlarda "Lent.az" milli xəbər portalında heç vaxt unutmayacağımız "Xocalı Soyqırımı" haqqında həmin döyüşlərdə iştirak etmiş Azərbaycan əsgərinin, oğlunun gördükləri və elədikləri barədə bir məqalə oxudum. Məqalə diqqətimi çəkdi və sizinlə paylaşmaq istədim. Odur ki, məqaləni olduğu kimi sizə təqdim edirəm:
Lent.az-ın “Döyüş tariximiz” rubrikasının qonağı Xocalı aeroportunu mühafizə edən 20 nəfərdən biri olmuş, Xocalının işğalından sonra kəşfiyyat bölüyünün komandiri kimi döyüş yolunu davam etdirmiş Nazim Hüseynovdur. Xocalıda son ana qədər döyüşən, o soyqırımın şahidi olan Nazim Hüseynov döyüş yolundan danışarkən dəfələrlə kövrəldi…
“Ermənilərin içərisində böyümüşəm”
1965-ci ilin aprelin 25-də Əsgəran rayonunun Xanabad kəndində anadan olmuşam. Xanabad kəndinin əhalisi əsasən ermənilərdən ibarət idi. 18 yaşına qədər ermənilərin içində olmuş, onlarla oturub-durmuşam, erməni dilini bilirəm. Ermənilərdə həmişə azərbaycanlılara qarşı eqoistlik hiss etmişəm. Uşaq idim, bir qoca erməni qadın vardı, çörək bişirirdi. O qadın Hersik adlı erməninin qaynanası idi. Mən ona yaxınlaşanda erməni dilində dedi ki, ay türkün eşşəyi, sən bura nəyə gəlmisən, rədd ol buradan! Mən də erməni dilində qayıdıb dedim ki, sən də erməninin donuzusan. Qoca qadına bir daş atdım. Hersik yaxınlaşdı, dedi ki, qoca arvaddır, başını itirib. Qaça-qaça evə gəldim, anamdan soruşdum ki, bizə niyə belə deyir? Anam 1905-1908-ci illərdə türklərlə ermənilərin haqq-hesablarını danışdı, ermənilərin bizi də türk saydığını söylədi. Anam 1968-ci ildə Martuninin Qaradağlı kəndində məktəb direktoru Ərşad müəllim və digər bir azərbaycanlının başına gələni danışdı. Ermənilər 1968-ci ildə də Qarabağda eyni niyyətə düşüblər. Ərşadla digər azərbaycanlının Xankəndində məhkəməsi olub. Məhkəmədə Ərşad müəllimlə digər azərbaycanlı erməni uşağını öldürməkdə günahlandırılıblar. Uşağı ermənilər özləri öldürüb, azərbaycanlıların üzərinə yıxıblar ki, bu da bir bəhanə olsun, Azərbaycandan ayrılma tələbini irəli sürsünlər. Məhkəmədə Ərşad müəllimdə digər azərbaycanlının günahı sübuta yetirilməyib, ancaq məhkəmədən çıxanda ermənilər onların hər ikisinin üzərinə benzin tökərək onları yandırıblar.
“Heydər Əliyev ermənilərin başbilənlərinə deyib ki...”
Anam deyirdi ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin ediləndə ermənilərin bu niyyətdə olan adamlarına qarşı tədbir görüb. Onların başbilənlərini çağırtdırıb, deyib ki, Azərbaycanın tərkibində qalmaq istəmirsinizsə, 32 kiloqram yük götürüb, respublikanı tərk edə bilərsiniz. Anam bunu mənə danışandan sonra hafizəmdə qaldı ki, ermənilər bizə qarşı belə murdar işlər tutublar, bu, gələcəkdə də ola bilər.
1983-1985-ci illərdə Özbəkistanın Nəvai şəhərində hərbi xidmətdə oldum. Əsgərlikdən Xanabada döndüm. 1985-ci ildən artıq gərginlik üzə çıxmağa başladı. Anam dedi ki, artıq ermənilərə etibar edib Xanabadda qalmaq olmaz. Xocalıda da bir ev tikdik. 1986-cı ildə yenidən Nəvai şəhərinə qayıtdım, orada yaşamaq istəyirdim. 1987-ci ildə anamdan məktub aldım. Yazmışdı ki, xəstələnmişəm, geri dön. 1987-ci ilin noyabr ayında geri qayıtdım. Gələndə gördüm ki, anam artıq Xankəndində ödündən cərrahi əməliyyat olunub. O vaxt Xankəndində Dadamyan adlı erməni həkim vardı, anamı o əməliyyat etmişdi. Dadamyan Xankəndində mitinqlər başlayanda çıxışlarının birində demişdi ki, azərbaycanlılardan qisasını alıb, 180-ə qədər azərbaycanlı öldürüb. Yəni əməliyyatı düzgün etməyib, fəsadlar qoyub.
1987-ci ilin sonlarında, 1988-ci ilin başlanğıcında ermənilərin yaşadıqları qəsəbələrə, rayonlara getmək təhlükəli də olsa, mümkün idi. 1988-ci ilin fevral ayında anamızı Xankəndində xəstəxanadan çıxardıq. 4 aya qədər yaşadı. Sonradan bizə məlum oldu ki, Dadamyan əməliyyatı düzgün etməyib, içəridə nə isə qoyub. Bu da başqa bir xəstəliyə çevirdi, 1988-ci il aprelin 25-də anam rəhmətə getdi.
Hələ sağ olan vaxt anam məndən soruşdu ki, fikrin nədir, nə etmək istəyirsən. Özbəkistana qayıdacağımı, orada ev növbəsində olduğumu bildirdim. Anam dedi ki, yaxşı yol, ancaq görürsən ki, ermənilər ipə-sapa yatmırlar, müharibə olacaq, bəs namusunu kimə tapşırıb gedirsən?! Qayıtdım ki, məndən başqa 3 oğlun var, onlar da buradadır. Anam dedi ki, onlar başqa, sən başqa. Gedəcəyimi bir daha söylədim. Son sözü o oldu ki, gedirsən get, onda namusun ermənilərin əlinə keçəcək, sən nə edəcəksən?! Anam dedi ki, o halda sənə südümü halal etmərəm! Bu söz məni yolumdan qaytardı...
1988-ci il sentyabrın 18-də ilk dəfə 1000 nəfərlik erməni dəstəsi Xankəndindən dinc yürüş adı altında “Kamaz”, “Kraz” yük maşınlarının üzərinə daşlar, lom və digər dəmir əşyalar yığaraq Xocalıya daxil olmağa çalışdılar. Məqsədləri o olub ki, Xocalını yandırıb, qırğın törədib Xocalıdan azərbaycanlıları çıxarsınlar. Ancaq həmin vaxt Xocalının mərd övladları ermənilərin niyyətlərini gözlərində qoydu. 70-ə qədər erməni yaralandı. Xocalıda da həmin gün iki ev, 6 ot tayası yandırıldı, bizdən də başı yarılan, qabırğası qırılan oldu. Ermənilər dərslərini alıb, geri çəkildilər.
“Camaat qorxurdu ki, Əlif yoxdu, nə isə ola bilər”
...1990-cı illərin əvvəlində Suriyadan, Fransadan, Liviyadan gələn erməni silahlılarının Qarabağda yerləşdirilməsinə başlanıldı. Hər gün bir evi yandırırdılar, bizdən də ov tüfəngi belə yığıldığı üçün heç nə edə bilmirdik. Xocalı qəsəbə idi, həmin ərəfədə şəhər statusu verildi. Şəhər statusu veriləndən sonra milis heyətinin yaradılması məsələsi ortaya çıxdı. Mən də daxil olmaqla, 1990-cı ilin dekabr ayında 40 nəfər Bakıya gəldik. Ay yarım milis kursu keçdik, mart ayının əvvəllərində Xocalıya qayıtdıq. Bizə tabel silahları verildi. Hadisələr gərginləşdikcə bizə avtomat silahlar da verilməyə başladı. Xocalını qoruya biləcək yeganə qüvvə 40 nəfərdən ibarət biz milislər idik. O vaxt Xocalı aeroportu ermənilər tərəfindən idarə olunurdu. 1991-ci ilin fevral ayında rəhmətlik Əlif Hacıyevin səyi nəticəsində Xocalı aeroportu azərbaycanlılara tabe oldu. Həmin 40 milisin 20-si aeroportu mühafizə etməyə başladı. Mən də onların sıralarında idim. Xocalı aeroportunun komendantı Əlif Hacıyev idi. Xocalıda milis şöbəsi də yaradıldı və digər 20 nəfər oraya göndərildi. O vaxt ermənilərə də silah əsasən aeroport yolu ilə gətirilirdi. Əlif Hacıyev də vaxtilə ermənilərlə işləmişdi. Əlif Hacıyevi ermənilər şərləyib, ona 8 il veriblər. Ermənilər qəsdən Əlifin cibinə pul qoyaraq onu tutdurublar. O, 8 ilin 4 ilini həbsdə olub, sonradan bəraət qazanıb. Əlif Hacıyev ermənilərin iç üzünü beş barmağı kimi bilirdi. Savadlı, vətənpərvər bir insan idi. Ən çətin anlarda vəziyyətdən çıxış yolu tapmağı bacarırdı. Əlif Hacıyev o günlərdə Xocalıda olmayanda, Bakıya silah aparmaq, müəyyən işlər görmək üçün yollananda artıq insanlar da maraqlanırdılar ki, Əlif haradadır. Camaatda qorxu yaranırdı ki, Əlif Xocalıda yoxdur, nə isə ola bilər. Amma Əlif Hacıyev Xocalıda olanda camaatın ürəyi dinc olurdu.
“Safanov qayıdıb Əlifin alnından öpdü”
1991-ci il avqustun 28-də Çaykənddən çıxarılan erməni silahlıları 28 vertolyotla Xocalı aeroportuna düşürüldü. O vaxt bizim cəmi 4 avtomatımız, 16 tabel tapançamız vardı. Həmin vaxt Xankəndinin hərbi komendantı general-mayor Safonov idi. Vertolyotlardan boşaldılan ermənilər Xankəndinə getməli idilər. Aeroportda rusların 3 PDM-i, 120 nəfər də xüsusi təyinatlıları vardı. Əlif göstəriş verdi ki, o ermənilər Ermənistana qaytarılmalıdır, çünki hamısı silahlılardır, burada yenə fitnə-fəsad törədəcəklər. Həmin ermənilər Azərbaycan vətəndaşları deyildilər. Şlaqbaum qoyuldu. Safonov gəldi, Əlifə dedi ki, bu ermənilər Xankəndində yerləşdirilməlidir. Əlif mövqeyindən dönmədi. Axşam toran düşən vaxt idi. Əlif Hacıyev səsgücləndirici ilə rus əsgərlərinə müraciət etdi ki, aeroport xocalılar tərəfindən mühasirəyə alınıb, əgər hər hansı bir addım atsanız, yerinizdə məhv ediləcəksiniz, bu ermənilər Xankəndinə yox, Ermənistana getməlidirlər. Halbuki əlimizdə cəmi 4 avtomat, 16 tapança vardı. Safonov gəldi, dedi ki, sizinkilər bu ermənilərin Xankəndinə getməsinə icazə veriblər. Əlif Hacıyev dedi ki, sözlə yox, Azərbaycan dövlətinin qanuni razılığını bildirən sənəd ver. Safonovla Əlif 2 saat mübahisə etdilər. Axırda Safonov ratsiya ilə əlaqəyə çıxdı, gəldi ki, Nazirlər Kabinetinin sədri Həsən Həsənovun icazə verib. Əlif pis oldu, bizə geri çəkilmək əmri verdi. Safonov Əliflə birlikdə aeroportda uçuş meydanında idi. Safonov baxdı ki, 4 avtomatla gəlirik, qayıtdı ki, sizin xocalılar budur?! Əlif də dedi ki, başqa kimlər ola bilər?! Safonovun üzündə qəribə ifadə yarandı. Yerində fırlandı, çönüb Əlifə, bizə baxdı. Dedi ki, buna bax, 8 saatdır ki, sən məni burada 4 avtomatla saxlayıb, əziyyət verirsən! Sonra qayıdıb Əlifin alnından öpdü, dedi ki, fəxr edirəm ki, Azərbaycanın sənin kimi belə oğlu var, mən general-mayoram, sən kapitan, məni anamı ağlatdın, 8 saatdır ki, sənə yalvarıram. Oradakı 3 PDM işə düşsəydi, bizi məhv edərdilər, çünki zirehli texnikanı vurmaq üçün heç bir silahımız yox idi.
“Güllə qaşıma dəydi, sifətimi qan bürüdü”
Əvvəllər ermənilər avtomatlardan atəş açırdılar, sonra “Alazan”-a keçdilər. Axıra yaxın minaatanlardan, pulemyotlardan Xocalını atəşə tutmağa başladılar. Artıq 40 nəfərlə Xocalını qorumaq mümkün deyildi. Xocalıda 150 nəfərdən ibarət könüllü özünümüdafiə taboru da yarandı, Tofiq Hüseynov taborun komandiri oldu.
Bir hadisəni danışmaq istəyirəm. 1991-ci il dekabrın 16-sı idi. Axşamlar Xocalını Mehdikənd istiqamətindən minaatanla atəşə tuturdular. Əlif mənimlə İlhamı çağırdı. Dedi ki, ərazidə müşahidə aparın, haradan minaatanla atıldığını müəyyənləşdirin. Həmin istiqamətdə dolama yolla dağa qalxdıq. Mina atılan yeri müəyyənləşdirdik. Gördüm bir erməni yerə uzanıb, əlində ov tüfəngi, üzü Xocalıya baxır. Aramızda 50 metr məsafə vardı. İlhama dedim ki, mən o ermənini sağ götürəcəm. İlham dedi ki, gəl gedək, pis yerdəyik, səs-küy olsa, erməni postlarının yaxınlığındayıq, sağ çıxa bilməyəcəyik. Dedim ki, sən məni qorumağa çalış, gördün ki, məni vurmaq istəyir, atəş açarsan. Arxadan fırlanıb erməniyə yaxınlaşmağa başladım. Meh əsir, otlar xışıldayırdı. Atılıb avtomatı alnına dirəyib dedim ki, əllərini yuxarı qaldır. Erməni ov tüfəngini çevirdi, tüfəngi alnıma tuşladı. O an erməni əlini tətiyə yaxınlaşdırsa da, tətiyi çəkə bilmədi, barmağı titrədi. Bunu görəndə qorxduğunu anladım, qolumla silahı vurub saldım, ermənini yıxdım. Başladı yalvarmağa ki, məni vurma. Dedim ki, vurmaq fikrim yoxdur, gedək. Qabağıma düşdü. Dağın arxa tərəfində bu erməninin ferması da vardı. Ermənini İlhamın yanına qoydum, dedim ki, fermanı da yoxlayım. Fermaya yaxınlaşanda qarşıma 48-52 yaşlı iki erməni çıxdı. Onları da qadağımıza qatdıq, Xocalıya istiqamət götürdük. Xocalıya yaxınlaşanda qarşımıza 3-4 qadın, qoca kişi çıxdı. Xocalı sakinləri idilər. Erməniləri görəndə qadınlar yaylıqlarını çıxarıb qarşımıza atılar ki, bu erməniləri buraxın. Yerli erməni olduqlarından tanımışdılar. Vəziyyəti belə görüb Əliflə əlaqə saxladıq. Əlif də dedi ki, qadınlar təkid edirsə, buraxın. Ancaq bundan bir ay sonra ermənilər qadınlı, qocalı, körpəli xocalıları qətlə yetirdilər, başlarının dərisini soydular…
...Yanvarın 28-də Şuşanın ətrafında içərisində 24 sərnişinin olduğu vertolyot ermənilər tərəfindən vuruldu. Xocalının əlaqəsi yalnız hava idi, yanvarın 28-dən sonra artıq hava əlaqəsi də kəsildi. Biz evdə suxarı ehtiyatından istifadə edirdik, evdə un kisəsini çırpırdıq. Qara çayımız qurtarmışdı, dağlardan yığdığımız kəklikotundan istifadə edirdik. Biz hər gün ratsiya ilə Ağdamla, Şuşa ilə əlaqə saxlayırdıq. Bizə hər an, hər saat, hər dəqiqə, hər saniyə ümid verirdilər ki, 1 saat, 2 saata Ağdamdan qoşun gələcək. Ümidimiz olmasa, əvvəlcədən mülki əhalini Xocalıdan meşə il çıxarmaq imkanımız var idi.
...Fevralın 25-i idi. Rəhmətlik Əlif kapitan idi, fevralın 25-də ona Bakıdan zəng gəldi, mayor rütbəsinə layiq görüldüyünü bildirdilər. Əlif kapitan rütbəsini çıxarıb, mayor rütbəsini taxdı. Ermənilər o vaxt onun başına 1 milyon pul qoymuşdular...
Fevralın 25-də səhər saat 12 radələrindən 366-cı alayın texnikalarının səsi eşidirdi. Artıq məlum idi ki, Xocalının hər tərəfinə 366-cı alayın zirehli texnikaları yerləşdirməyə başlayırlar. Xocalının hər tərəfinə zirehli texnikalar yerləşdirildi. Biz artıq dərk etdik ki, bu gün 15-20 gün əvvəl olan günlər deyil.
“Elə bil dünyanın sonu idi...”
İlk həmlə bütün istiqamətlərdən oldu. Axşam saat 9-un yarısında ilk artilleriya atəşi başladı. Xocalıya hücumda əsasən “PDM-2”-lərdən istifadə olundu. Xankəndi, Ballıca, Mehdikənd, Daşbulaq, Noraguh və Əsgəran istiqamətdən Xocalıya hücum oldu. Son günlər öz aramızda hesablamışdıq, hərəyə 860 patron düşürdü. Bu, 5-3 dəqiqə döyüş üçün yetərdi. Həm də avtomat gülləsi ilə PDM-ə, tanka nə etmək olardı? Gecə saat 11-ə işləmiş 366-cı alayın texnikaları və ermənilər Xocalının mərkəzinə doğru irəliləyirdilər. Evlər od tutub yanırdı, qocaların, qadınların, uşaqların qışqırtısı, ah-naləsi hər tərəfi bürümüşdü. Gözümüzün qarşısında 20-30 metr məsafədə güllə ilə vurulmuş qadın görürdük. Zirehli texnikaya avtomatla nə edə bilərsən? Qumbaraatanın mərmisi yox idi ki, o zirehli texnikanın birini vuraq.
Bir məqamı da qeyd edim. Yanvarın əvvəlində Bakıdan Xocalıya rəhmətlik Aqil Quliyevin komandirliyi altında 21 nəfərlik könüllü qrup gəlmişdi. Onların 5-i qayıtmışdı, 16 nəfər bizimlə bərabər idi. Malıbəyliyə hücum olan gün əməliyyat hazırlandı ki, biz tərəfdən kömək olsun, ən azı erməninin başını qarışdıraq, Malıbəyli camaatı arxayın çıxsın. O döyüşdə bizdən iki nəfər şəhid oldu, Aqil Quliyev yaralandı. Xocalı-Xankəndi yolunu Aqil Quliyevin dəstəsi mühafizə edirdi. Üst tərəfdə, aeroport istiqamətində biz idik. Əsgəran istiqamətdə postlarda Xocalı Polis Şöbəsinin əməkdaşları yerləşmişdi. Xocalını Noraguh, Daşbulaq, Mehdikənd, dəmir yolu körpüsü istiqamətindən isə Xocalı könüllü taborunun dəstələri mühafizə edirdi. İlk həmlə Aqil Quliyevin dəstəsinin mühafizə etdiyi istiqamətə endirildi. Axşam saat 11-in yarısında artıq Xocalının özündə döyüş gedirdi. Xocalıda beşmərtəbəli bina vardı, orada səhərə qədər döyüş getdi. Xocalı aeroportuna isə iki “PDM-2” ilə hücum çəkdilər. Sonra bizə məlumat verildi ki, hər tərəfdən Xocalıya daxil olurlar. Bundan sonra rəhmətlik Əlif göstəriş verdi ki, çıxın, başqa yol yoxdur. Aeroportda silahlar olan yerə benzin töküldü, yandırıldı ki, heç olmasa nə var yandırılsın, erməninin əlinə keçməsin.
“...qiyamət gününü gördüm”
Ermənilər Xocalıya Qaladərəsi kəndi tərəfdən girmişdilər. Əlif dedi ki, hər kəs getsin, öz imkanı daxilində ailəsini, uşağını götürüb çıxarsın. Səpələnib gələndə çayı keçmişdim, birdən yadıma düşdü ki, atam evdədir. Evə gəldim. Qonşumuzun evi yanırdı. Atam çıraq lampasının işığında pəyədə inəklərə ot qoyurdu. Dedim ki, rəhmətliyin oğlu, erməni Xocalıdadır, gəl çıxaq. Yenə çıxmaq istəmədiyini söylədi. Avtomatı götürüb dedim ki, əgər çıxmasan, səni də, özümü də öldürəcəm. Kişi qabağıma düşdü, gedirik. Bir gözüm evdə idi, ayaqlarım getmir, gedirəm, dizlərim yerə dəyir. Qarqar çayına çatanda ayağımı soyundum, atamı çiynimə alıb çaydan keçirdim. Baxdım ki, yollar tamam uşaqlar, qadınlardır, səs-küy ətrafı bürümüşdü. Dağın üstünə keçəndə orada xərəkdə rəhmətlik Aqili gördüm. Yaxınlaşıb soruşdum ki, necəsən? Dedi ki, kürəyimdən güllə dəyib. Atama dedim ki, sən camaatın qabağına düş, yolu tanıyırsan, mən qalıb Aqili götürüm. Aqil bizə görə Xocalıya döyüşməyə gəlmişdi, onu qoyub getməyi kişilikdən saymadım. Aqili xərəkdə götürüb Kətik dağı ilə təqribən 8-9 kilometr gəldik. Bizdən arxada Müşfiq, Mübariz, bir də Aqilin dəstəsindən iki döyüşçü qaldı. Ümumiyyətlə, Aqilin rəhbərlik etdiyi 16 nəfərlik dəstənin 11 nəfəri şəhid oldu, çoxunun meyiti də qaldı...
Kətik dağının ətəyinə çıxanda artıq səhər saat 6-ya qalmışdı. Kətik dağına çıxanda ermənilər atmağa başladı, camaat pərən-pərən düşdü. Uşaqlara qışqırdım ki, gəlin əli silahlılar qrup şəklində qabağa düşək, ermənilər post qura bilər, postu açaq ki, camaat gəlib keçsin. Ancaq aləm qarışmışdı, heç kim heç kimi eşitmirdi.
Mən Aqilə görə arxada qalmışdım, Əlif artıq qabaqda idi. Atam da artıq çox qabaqda idi, ondan da xəbərim yox idi. Atam Əlif vurulan yerdən 300 metr aşağıda 2 güllə dəymişdi. Güllələrin biri qılçasından dəyib qarın nahiyəsində qalmışdı, bir güllə ağzından girib, çənəsindən çıxmışdı. Atam ağır yaralanmışdı, sağ qalmışdı...
Kətik dağında ermənilər atəş açmağa başlayanda 1 kilometrə qədər gəldik, gördük ki, artıq PDM-lərdən atəş açılır. Dağın ətəyinə çıxdıq. Elə bir səhnənin şahidi oldum ki!... Naxçıvanik yolunun üstündə, Şelliyə yaxın o yerdə mən həmin qiyamət gününü gördüm. Dizində güc olan çalışırdı ki, canını götürüb o ərazidən sağ keçsin. Çala kimi yer idi, hündürlüklərdə ermənilər PDM-lə durmuşdular. Bir qumbaraatan mərmisi olsa, PDM-i vurub məhv etmək mümkün olacaqdı və ondan sonra camaat oradan keçib gedəcəkdi. Yanımda kəndçimiz vardı, dedim ki, sürün, vurarlar. Dedi ki, qələt edirlər, ayağa qalxanda iki qaşının arasından vurdular. Çingiz Mustafayevin çəkilişində də o yer var, uşağın meyitinin götürüldüyü yerdir. Həmin ərazidən 20 metr sağ tərəfdə 10 metr ərazidə meyitlər üst-üstə yığılmışdı. Saat 8-in yarısında da Əsgəranın içindən, Qarqar körpüsünün üstündən əlavə bir PDM də gəldi. O texnikaları da idarə edən ruslar idi. Arxadan da erməni gəldi. Aqili çəkib bir kolun dibinə qoydum. Dedim ki, Aqil, qardaş, burdan beləsi mümkün deyil, əgər sağ qalsam, arxanca gələcəm. Aşağı düşdüm, elə yer vardı ki, ermənilər 20 metr kənarda idi. Vitalik Balasyan vardı, uşaqlıqdan tanıyırdım. Bizi pusquya salıb ilk qıranlara Vitalik Balasyan rəhbərlik edir, səsini eşitdim. Səslərindən Əsgəran erməniləri olduğunu müəyyənləşdirirdim, bilirdim ki, kimdir. Onların 50 faizi Əsgəran, Kətik, Naxçıvanikdən olan yerli ermənilər idi. İçərilərində gəlmə saqqallılar da, ruslar da vardı. Orada Vazgen, Artur, Karo, Manvel də vardı. Hamısı bir-birini çağıranda onları tanıyırdım. 300 metrə qədər sürünüb geri çəkildik. Meşəlidə mən yaralananda yanımda olmuş İlhamla, Rəfaellə, bir də Xocalı Milis Şöbəsində işləyən Vahidlə rastlaşdım. Təzədən erməninin üstünə tərəf qayıtdıq.
“Biri deyib ki, Nazimi ermənilər öldürüb, üstündən keçib gəlmişəm”
Təqribən saat 9 radələri idi. Hər tərəf qar idi, başqa yerə getmək mümkün deyildi. Bir böyük daş vardı, arxasında əyləşdik. Ayağımdakı botinka cırılmışdı, corabımı torpaqla ovxalayıb qurutdum ki, ayağımı don vurmasın. Uşaqlara dedim ki, hansı tərəfdən çıxsaq, erməninin postlarıdır, mən ərazini tanıyıram, mənimlə gedək. Dağın üstü duman idi. Uşaqları 50 metr kənarda saxladım, dedim ki, mən gedirəm, Aqili filan yerdə qoymuşam, əgər sağdırsa, götürüb birlikdə aparacağıq. Ermənilər artıq camaatı qırıb çəkilmişdilər. Uşaqlara bir istiqamət göstərdim, dedim ki, əgər ermənilər olsa, məni vursalar, bu xətlə düz gedərsiniz, Qarqar çayı ilə aşağı gedib Ağdama çıxacaqsınız. Asta-asta, 10 dəqiqəyə 50 metr məsafəni gəldim. Rəhmətlik Aqili xərəkdə gətirmişdik, gördüm ki, xərək yoxdur, Aqilin meyiti çönüb. Əlimi vurdum, gördüm ki, artıq vəfat edib. Yanında da könüllü uşaqlardan ikisi vurulmuşdu. Aqilin bədənində güllə ilə xaç şəkli çəkmişdilər. Uşaqların yanına qayıtdım, Ağdam istiqamətə mühasirədən çıxdıq. Ağdamda atamın bacısının evi vardı, səhər saat 4 radələrində çatdım. Ağdam Polis Şöbəsində qeydiyyatdan keçdik, gəlib bibimlə görüşdük. Bibim dedi ki, bizimkilər sağ-salamat gəlib, atan da yaralanıb, qorxulu bir şey yoxdur. Səhər rəhmətlik Aqilin qardaşının qaynı olan Orucla qarşılaşdıq. Oruc dedi ki, uşaqlar Aqilin arxasınca gediblər, deyirlər ki, ermənilər Aqili öldürüb aparıblar. Dedim ki, yalandır, mən oradan gəldim, Aqili həmin yerə gətirdim, məcburiyyət qarşısında orada qoyub, canımı götürüb çəkildim, söz vermişdim ki, sağ qalsam, qayıdacam, geri qayıdanda güllələnib öldürüldüyünü gördüm.
Bir gün müddətində maraqlandım, Əlifin də öldürüldüyünü deyirdilər. Hamı kimin sağ qalması ilə maraqlanırdı. Məndən əvvəl gələn uşaqlardan biri deyib ki, Nazimi də ermənilər öldürüb, üstündən keçib gəlmişəm. Nizami vardı, Allah rəhmət etsin, şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır, Xocalıdan sağ-salamat çıxıb, təzədən mənə görə geri qayıdıb ki, mənim meyitimi gətirsin. Boğazından güllə dəyib. Nizami ilə qonşu və həmyaşıd idik.
“Vitalik dedi ki, türkdür, qanı halaldır”
Oruc məndən soruşdu ki, Aqilin meyitini gətirməyə bizimlə gedərsənmi? Can-başla gedəcəyimi, Aqilin bizə görə şəhid olduğunu söylədim. Həm də Əlifin də meyitini gətirmək istəyirdim. İstəmirdim ki, Əlifin meyiti orada qalsın. Axşamüstü Ağdamda Xalq Cəbhəsinin, Allahverdi Bağırovun qərargahına gəldik. Bizə dedilər ki, Vitalik Balasyanla danışılıb, razılığa gəlinib. Ermənilərə benzin veriləcək, əvəzində meyitlər götürüləcək. Onu da deyim ki, 300 nəfərdən çox Xocalı sakini Naxçıvaniklə Şelli arasındakı ərazidə, Naxçıvanik yolunda Vitalik Balasyanın rəhbərliyi altında vəhşicəsinə öldürülmüşdü. Bizim qocalar vardı, söhbət edirdilər ki, 1905-ci ilin mart ayında Dərələyəzdən Xocılaya gəldik, Xocalıdan keçəndə Qarqar çayının üstündə ermənilər qadınlarımızı saç-saça bağladılar, bellərinə qaynar samovar bağlayıb, süngüləyib Qarqar çayına tökdülər. Təsadüfi də deyil ki, 1992-ci ilin fevralında Xocalı soyqırmını ermənilər fevralın 26-da səhər saat 7-nin yarısından 12-yə, 1-ə qədər məhz həmin ərazidə törətdilər. Ermənilər eyni yerdə yenə bizi qətlə yetirmişdilər...
Oruca dedim ki, hətta məni öldürəcəklərini bilsəm də, Əlifin meyitini gətirməyə gedəcəm. Yeznəm Ağdamda idi, soruşdu ki, hara gedirsən? Meyitlərin gətirilməsinə getdiyimi söyləyəndə yeznəm dedi ki, ermənilər Əliflə bərabər Xocalı aeroportunda işləyənlərin hamısını başına pul qoyduqlarını bilirsən, sənin başını kəsəcəklər. Son sözüm bu oldu ki, nə olacaq, Allah kərimdi. “QAZ-66” markalı yük maşını ilə getdik. Allahverdi Bağırov Xalq Cəbhəsinin nümayəndəsi Allahverdini də bizimlə bərabər göndərmişdi. Yasamaldan Akif, bir də Tahir adlı bir oğlan da bizimlə idi. Tahir Krasnodarda leytnant olub, Xocalı hadisəsini eşidib, hərbi hissəni atıb, birbaşa Ağdama gəlmişdi. Sonradan eşitdim ki, həmin oğlan şəhid olub. Qaraqayanı keçdik. Əraziyə yaxınlaşdıq, orada Vitalik UAZ-da dayanmışdı.
Bir hadisəni danışmaq istəyirəm. Mənim 9 yaşım vardı, Qarqar çayında çimirdim. Vitaliki uşaqlıqdan tanıyırdım, yaşca məndən böyük idi. Qarqar körpüsünün yanında çayda çimərkən bir azərbaycanlı traktorçu ilə 5 erməninin davası düşmüşdü. Erməninin biri onlara yaxınlaşdı, dedi ki, ayıbdır, 5 nəfər 1 nəfərin üstünə düşmüsünüz. Bu Vitalik qayıtdı, bu türkdür, bunun qanı halaldır. O vaxtdan Vitalikə nifrət edirdim. Vitalikin atasını, anasını, bacılarını tanıyırdım, Vitalik də bizi tanıyırdı. Vitalik Əsgəranda Qarqar pavilyonunu işlədirdi.
“Dedi ki, indi bildim ki, kimə görə bura gəlmisən”
Bizim üzərimizdə avtomat silah vardı. Qaraqayada Vitalik UAZ-dan düşdü, baxan kimi məni tanıdı. Soruşdu ki, niyə gəlmisən? Cavab verdim ki, atam ölüb, onu axtarmağa gəlmişəm. Vitalik dedi ki, yalan danışma, sənin atan ölməyib. Üzümə baxdı, dedi ki, siz postda bizimkilərin başına oyun açırdınız, yadınızdadır? Dedim, biz aeroportda sizə nə etmişdik ki? Vitalik dedi ki, sizi bu günə qoyan aeroportda incitdiyiniz insanların yaxınlarıdır. Dedim ki, biz sizə qarşı bu cür heyvanlıq, cəlladlıq etmədik, biz aeroportda sizi Azərbaycan qanunlarına tabe olmağa çağırırdıq, silah gətirirdiniz, onun qarşısını alırdıq, biz sizin kimi insanların başını kəsib, qanını tökdük? Vitalik qayıtdı ki, az danış. Vitalik bir söyüş işlətdi, mən də ona cavab verdim. Seyidağa Mirmövsüm var, Allah onun canını sağ etsin, qayıtdı ki, Nazim, qurban olum, bizi burada qırarlar. Belə baxdım, dedim ki, qırıblar, bundan artıq nə olacaq ki?! Vitalik kinli-kinli baxdı, Vahid gəlib soruşdu ki, nə olub? Vitalik dedi ki, heç, Nazimlə mənim öz işimdir. Geri çəkildi, mənə kinayəli baxdı. Vitalikin də yanında 6 silahlı vardı. Əsgərlikdə yoldaşım olmuş Manvelin xalası oğlu da orada idi. Avtomat əlimdə idi, düşünürdüm ki, öldürmək istəsələr, ikisini də mən vuracam, daha bura gəlmişəm, nə olar, olar.
Sonra fermanın yanına gəldik, Şöhrət vardı, onun meyitini götürdük. Uşaqlarla çıxdıq, Aqilin də meyitini yuxarıdan gətirdik. Aqilin meyitini gətirəndə Vitalik yaxınlaşdı. Aqil mülki paltarda idi. Vitalik soruşdu ki, ara Nazim, bu kimdir? Tanımadığımı söylədim. Dedi ki, yalançı belə olsun, söyüş işlətdi. Mən də dedim ki, elə də olsun, hələ o tərəfə də. Çingiz Mustafayevin çəkdyi yerdən 100 metr aşağıda rəhmətlik Əlifi vurmuşdular, üzüqoylu qalmışdı. Əlifin meyiti Aqildən 1 kilometr aşağıda idi. Aqil Kətiyin ərazisində, Əlif Naxçıvanik yolunun üstündə idi. Əlifin barmağında bir üzük vardı, o da çıxarılmışdı. Əlifin şubasını da çıxarmışdılar. Mən Əlifin meyitini götürəndə bir saqqallı erməni yaxınlaşdı, soruşdu ki, bu mayor kimdir? Dedim ki, az əvvəl Xocalıya gəlib. Vitalik yaxınlaşdı, baxdı, dedi ki, indi bildim ki, kimə görə bura gəlmisən. Əlifi götürdük. Bizim arxamızdan da bir “QAZ-51” maşını gəldi. Əlifi maşına qoyduq, dedim ki, tez üstünə digər meyitləri qoyaq, ermənilər gəlib Əlifi tanımasınlar. Əlifi kapitan kimi tanıyırdılar, mayor kimi tanımırdılar, yoxsa ermənilər başını kəsib aparardılar, meyitini də həyat boyu verməzdilər.
“4 qumbaranı ortaya qoydum”
Meyitləri götürüb aşağı düşəndə Vitalik dedi ki, ara, Nazim, Əsgəranda meyitləriniz var, qorxmursansa, gedin onları gətirin. Bir yerə, bir göyə baxdım, dedim ki, bura elə onun üçün gəlmişəm. Avtomatla çıxanda Vitalik dedi ki, avtomatla yox, silahsız gedəcəksiniz. Artıq ürəyimdən keçdi ki, məni oradan sağ buraxmayacaqlar. Xocalıdan da özümlə 4 qumbara gətirmişdim, buşlatın içəri cibində saxlamışdım. Bir yerə, bir göyə baxdım, dedim ki, ay Allah, bunun qabağında sınmaqdansa, ölmək yaxşıdır. Avtomatı Zahidə verdim, “QAZ-66”-ya oturdum. Mənimlə bərabər Oruc, Akif və Tahir də “QAZ-66”-da əyləşdi. Bizimlə bərabər Manvelin xalası oğlu müşayiətçi getdi. Qabaqda da ermənilərin olduğu UAZ gedirdi, bizə meyitlərin olduğu yeri göstərəcəkdilər. UAZ Əsgəranda Qala deyilən yerin sağ tərəfinə döndü. Mənim uşaqlığım Qalanın ətrafında keçib. Bizə dedilər ki, meyitləri Geno göstərəcək. Öz uşaqlarımızdan yalnız Orucu tanıyırdım. Maşına oturanda digər uşaqlarımıza dedim ki, mən Əsgəranda doğulmuşam, ermənilər məni tanıyır, bundan əlavə, Xocalı aeroportunda işləmişəm, aeroport da onların ən yaralı yeridir, sağ qayıtmaq şansım yoxdur. Açıb 4 qumbaranı ortaya qoydum. “F-1” qumbarasını götürdüm, dedim ki, hərənizə birini götürün, görsəm ki, məni tuturlar, mən özümü öldürəcəm. Sağ əllərinə düşsəm, başıma nələr gətirəcəklərini bilirdim. 3 gün əvvəl bizim Aranzəmi Pircamal kəndində bizim 3 əsirimizi ermənilər tutmuşdular. Orada ermənilər bizim əsirlərimizə deyiblər ki, Xocalı aeroportunun 1 işçisini verin, 100 nəfərinizi buraxırıq.
Uşaqların hərəsi qumbaranın birini götürdü. Əsgərana çatdıq, qastronomun qabağından körpünün üzərinə yol düşür. Birinci körpü dəmiryol xəttinin üstündən başlayır. Orada böyürtkan kolluğu vardı. Maşından düşdüm ki, ilahi, 21 meyit var. Geno dedi ki, Əsgəran Milis Şöbəsinin həyətində bir meyitiniz də var. Haradan olduğunu soruşdum, Xocalıdan olduğunu söylədi. Dedim ki, gedək. Əsgəran Milis Şöbəsində kiçik leytenant Samvel, Qrişa adlı oğlu olan Suren vardı. Aşağı düşəndə Geno Samvelə dedi ki, tanıyırsan, Mikayılın oğludur. Samvel meyiti zibilə atdıqlarını bildirdi, zibilliyi göstərdi. Cavan oğlan idi, bədənində 30-40 güllə vardı. Meyiti götürüb maşina qoyduq. Zibilliyin içində Martuninin Qaradağlı kəndindən bir nəfərin də meyitinin olduğunu dedilər. Bel istədim, verməlilər. Əlimlə zibilliyi eşdim, öldürüb yeşiyin içinə atmışdılar. Meyit ağırlaşmışdı, Oruca dedim, kömək et, götürək. Orucla götürdük. Körpünün altına gəldik, orada qonşumuz Şəfa kişinin meyiti vardı. Başının dərisini soymuşdular. Oğlu Muradın da meyiti də orada idi, onun qızıl dişləri vardı, dişlərini çəkmişdilər. Muradın gözlərini də çıxarmışdılar. Muradın üzərində Milli Ordunun forması vardı, ona görə də daha qəddar davranmışdılar.
Yaşar vardı, Xankəndindən gəlmə idi, təzə fin evlərdə olurdular. Yaşarın burnunu və qulağını kəsmişdilər. Təvəkkül vardı, adi çoban idi, qollarını məftillə bağlayıb, “Jiquli”-nin təkərlərini üzərinə qoyub yandırmışdılar. Ayağından boğazına qədər yanmışdı. Bircə başı salamat qalmışdı. Hüseyn vardı, onun burnu və qulağını kəsmişdilər. Oradakı 21 cəsədin başına nə oyunlar gətirməmişdilər?! Kolluqda Aqilin dəstəsində gələn ilk uşaqlardan Hafizin başını kəsmişdilər. Formasından tanıdım, cəsədi götürdük. Uşaqlara dedim ki, qoy kolluqları axtarım, ola bilər ki, başını harasa atıblar. Tapa bilmədim. Başımı qaldıran vaxt gördüm ki, Samvel və Artik də olmaqla, 8 erməni avtomatla durublar. Erməninin biri o birinə dedi ki, Nazimin döş cibinə bax. Mən də baxdım ki, qumbara görsənir. Samveldən soruşdum ki, nədir? Dedi ki, heç nə. O an ilahinin qismətindən iki hərbi vertolyot peyda oldu. Demə, həmin vaxt rəhmətlik Çingiz Mustafayevgil meyitləri götürəndə iki “Krokodil” vertolyot havadan nəzarət edirmiş. Vertolyotları görəndə ermənilərə dedim ki, vertolyotlar bizi gözləyir, silahlı adamlara atəş açır, gizlənin. Ermənilər qaçıb körpünün sağ tərəfindəki tikanlığa girdilər.
“Mən mütləq anamın Xocalıdakı qəbrini ziyarətə gedəcəm”
Meyitləri yığdıq, getməyə başladıq. Maşın hərəkət edəndə ermənilər kolluqdan çıxmağa başladılar. Qala tərəfdə Həsən kişi ilə Qızqayıt xalanı xaç şəklində bağlayıb, 5-6 kilometr sürütləmişdilər. Onların meyitlərini, əlavə də yolda 3 meyit götürdük. Rəhmətlik Əlif vurulan yerdə, eni və uzunu 10 metr olan yerdən 30 meyit də yığdıq. Ümumilikdə, 85 meyit götürdük. Ağdama gəldik.
Ağdama gələndən sonra milisdən çıxdıq, N saylı hərbi hissəyə gəldim, 80 nəfərdən ibarət kəşfiyyat bölüyünün rəhbəri oldum. 1992-ci ildə bir neçə dəfə son anda ölümdən döndüm. Məsələn, 1992-ci ilin dekabrında gecə Naxçıvanik-Şelli istiqamətində erməni postunun altında qanqallı ərazidə kəşfiyyat zamanı yapışqan kimi tikanlı sim tellərə bağlanmış qumbaralardan hazırlanmış tələyə düşdük. O qumbaraların hər birində 1000-dən çox qəlpə olurdu, ermənilərin hazırladıqları xüsusi tələ idi. Tel dartılan zaman qumbaralar partlayır. 8 nəfər idik. Uşaqlara dedim ki, mən ayağımı hara atıramsa, ora atın, dayananda dayanıb oturun. İrəlidə gedirdim, birdən ayağıma sim tel toxunduğunu hiss etdim. Əlimlə işarə etdim, uşaqlar dayandılar. O yapışqan kimi tikanlı teli kəsmək olmazdı, bu zaman qumbaraların partlama ehtimalı çox idi. Dişimlə yarım saat ərzində teli qırdım. Bir az getmişdik ki, bu dəfə sinəmə tel toxundu. Yarım saatdan çox bu teli də dişimə qırdım. Bir neçə addım atdıq, bu dəfə tel boğazıma toxundu. Bu dəfə də teli dişimlə qırdım. 2 saatdan sonra o tikanlıqdan çıxa bildik. Oranı keçəndən sonra dayandım, bədənimdən paltarımı çıxarıb sıxdım, sanki suya salıb çıxarmışdın.
Ölüm dəfələrlə mənə çox yaxın olub. Bir dəfə kəşfiyyat zamanı iki nəfər idik. Mənimlə olan oğlan indi Bərdədə polis zabitidir. Naxçıvanik-Şelli istiqamətində ermənilərin PDM-i ilə qarşılaşdıq, PDM-in çıxa bilməyəcəyi dik yerlə yuxarı qaçdıq. Atəş açdılar, dəymədi, PDM də dik yerə çıxa bilmədi. Bizim yuxarıda olduğumuz yer daşlı, qayalı bir yer idi. Arxamızca ermənilər qumbaraatandan mərmi atdılar. Mərmi yaxınlığımızda yerə düşdü, açılmadı. O an ikimiz də əl-ələ tutmuşduq. Ancaq mərmi açılmayanda dönüb baxdıq. Allah ölümdən qorudu. O daşlı-kəsəkli yerdə Allahın möcüzəsindən eni balaca, dərinliyə əl çatmayan bir çökəklik vardı. Qumbaraatanın mərmisi o çökəkliyə düşüb açılmamışdı.
Fikrimdə, niyyətimdə o idi ki, bəlkə torpaqlarımızı yenidən azad edərik. Şelli istiqamətdə binoklla baxırdıq, Xocalı, evlərimiz görünürdü. Ümidimiz vardı ki, yaxın müddətdə Xocalıya gedərik. Ağdam işğal olunana qədər Ağdamda oldum. Ağdamın işğalına qədər ümidimiz vardı ki, Xocalıya dönəcəyik. Torpaqlarımızı azad etmək üçün hücum polku hazırlanmışdı, Vəngin üstündə idik, Xocalını görürdük. Ancaq bir gün Ağdam tərəfdən bir vertolyot uçub gəldi, az sonra ermənilər bizim olduğumuz yerləri dəqiqliklə vurmağa başladılar. O istiqamətdə, Fərrux dağı ətrafında yüzlərlə döyüşçümüz həlak oldu. Elə orada artıq ümidimi itirdim. Başqa proseslərin getdiyini anladım.
Baxmayaraq ki, 20 il keçib, o dəhşəti unutmaq çox çətindir. Mən bu gün də o torpağın, Xocalının həsrəti ilə yaşayıram. Bu gün o torpağın adı çəkiləndə ürəyim parçalanır. Mən o torpaqları qarış-qarış tanıyıram. Biz ermənidən mütləq o qisası almalıyıq. Bəlkə o zaman yanğımıza bir məlhəm səpmiş olardıq. 47 yaşım var, özümü mübarizəyə hazır saxlamağa çalışıram. Biz o torpaqları azad etməli, başqa nəslə bu problemi qoymamalıyıq. Mən bu gün də ermənilərin arxasına keçib Xocalıda, o torpaqlarda uzun müddət yaşaya bilərəm. Ərzağımı da orada təmin edərəm. Ancaq o torpaqların işğaldan azad edilməsində iştirak edib ora getməyi arzulayıram. Bu gün şükürlər olsun ki, dövlətimiz güclüdür, güclü ordumuz var. Ali Baş Komandanın rəhbərliyi ilə günü sabah, bu gün o torpaq üçün canımdan, qanımdan keçməyə hazıram. İnanıram ki, sülh danışıqları nəticə verməsə, yaxın günlərdə torpaqlarımızı hərb yolu ilə qaytaracağıq.
Bir sözü də deyim. Mən mütləq anamın Xocalıdakı qəbrini ziyarətə gedəcəm. Sürünə-sürünə də olsa…
Ramiz Mikayıloğlu
Çap etmək
|