Kəlbəcərə gedən yollar... Ənvər Rza. Kəlbəcərə gedən yollar. Bakı, Azərnəşr, 2010, 412 səh. Görkəmli şair, tərcüməçi, alim Ənvər Rzanın bu kitabı demək olar ki, külliyatdır. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeir, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabda toplanmışdır. Canlı xalq ədəbiyyatının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri ədəbiyaşar ədəbi bir irsdir. Ənvəri yadına salırsanmı heç... 1959-cu ildə institun 3-cü kursunda oxuyan zaman yazdığı şeirdəndi bu başlıq. Təsadüfü seçmədim. Nə çoxdu başlığa şıxarmağa misraları... Yuxusuz gecələrimizin ( onsuz da Kəlbəcərin işğalından sonra bütün kəlbəcərlilərin, demək olar ki, heç yuxulu gecələri olmur ) birində uzaq Buxarest şəhərindən zəng gəldi. Eldar müəllimin zəngi idi. Rumıniyadakı səfrimizi deyirəm. Gecənin hansı aləmi olursa-olsun, yaşadığımız şəhərlər arasında üç saatlıq zaman fərqi olmasına baxmayaraq, qəfil zəng vurar, hal-əhval tutmamış, sanki yadından çıxarmış kimi, dərhal soruşar : “Aşıq Ələsgərin, Aşıq Şəmşirin filan şeirindən bir bənd yadımdan çıxıb, onu de. Bəxtiyar Vahabzadədən, Bəhmənin “Darıxmışam” rədifli şeirindən filan misranı de, Ənvər Rzadan de, Məmməd Arazdan, Ramiz Rövşəndən, Sücaətdən de, Qəmkeşdən de”. “De de...” Gah o deyir, gah da mən. Məəttəl qalıram bəzən: böyük bir vəzifənin səlahiyyətlisi, elmi işlərnən mütamədi məşğul olasan, ədəbiyyata, sözə bu qədər bağlılığın olsun ! Demək olar ki, adlarını çəkdiyim və çəkmədiyim şairlərin şeirlərinin əksəriyyətini əzbər bilir... Mənim yadımdan çıxanları yadıma salar. Mən də yaddaşımı qurdalayıb bildiklərimi deyirəm. Beləcə, şeirləşə-şeirləşə hər ikimiz əsl poeziyaya baş vurur və qərib gecələrin tənhalığından sanki qurtulmuş oluruq. Hər halda, bizə belə gəlir... Təbii ki, özünəməxsus yüksək etikayla təşəkkür edir, vaxtsız olduğu üçün üzrxahlıq diləyir, sonra hal-əhval tutur. On ilə yaxındır belə qəfil zənglərə öyrəncəliyəm. Adlarını çəkdiyim və çəkmədiyim gözəl şairlərimizin pərvanəsidir Eldar, desəm, yanılmaram. Qürbətdə bu şairlərin şeirləriylə nəfəs alır. Mən də bundan xüsusi zövq alır , rahatlanıram. Amma bir dəfə Bakıya gələndə möhkəmcə utandırdı məni. Təkcə mənimi ? “Haqsız” deməyə də dilim gəlmir. Haqlı idi. İş yerimə gəlmişdi . Otağımdakı kitablara baxanda soruşdu ki, Ənvər Rzanın təzə kitabı gözümə dəymədi. Ani olaraq özümü itrən kimi oldum, bir müddət üzümü yana çevrib nə cavab verəcəyimi düşünməyə də macal vermədi və: “Başa düşdüm, təzə kitabı yoxdur. Üzünüz ağ olsun. Nəyi var yığın bir kitaba. Mən səfir maaşımla çap etdirərəm”. Heç bir cavab verə bilmədim, tapşırığına əməl eləməməyə haqqım yox idi. İndi, əziz Kəlbəcər və Ənvərsevərlər, qarşınızdakı bu kitab Böyük insan, Böyük Şair, istedadlı tərçüməçi, gözəl alimimiz Ənvər Rzanın, demək olar ki, külliyatıdır. İndiyə qədər çap olunmuş və müəyyən səbəb üzündən çap olunmamış şeirləri və ingilis dilindən birbaşa tərcümə etdiyi gözəl əsərlər əlinizdədir. Ənvər Rza poeziyasının kamil bilicisi, Ənvər müəllimim sədaqətli dostu, Ənvər adı gələndə kövrəlib hələ də ğöz yaşlarını gizlədə bilməyən Səfər müəllim İsgəndərlinin, ədəbiyyatımızın, xüsusən də Kəlbəcər ədəbi məktəbinin tədqiqatçısı jurnalist dostum İlham Məmmədlinin, nəşriyyatın direktor müavini Mirqalim Qasımovun, ictimai radiyoda günün sonu verilişinin aparıcısı Qorxmaz Tofiqoğlunun və aşıq Elburusun köməyi ilə oxunub kompyuterdə yığılan bu kitab hər bir Kəlbəcərliyə, ümumən Ənvər Rza pərəstişkarlarına Layiqli ərmağandır. Mənim bəxtimdəndir, ya nədəndir, çox təssüf ki, Ənvər Rza ilə cəmi üç dəfə görüşmüşəm. Ilk görüşümüz “Azərnəşr”də oldu. Təyinatla gəlib işlədiyim Bədii ədəbiyyat redaksiyasının o vaxtki müdiri, görkəmli yazıçı, gözəl insan, yaxın dostumuz rəhmətlik Əlfi Qasımovla Kəlbəcərin təbiətindən, insanlarından danışırdıq. Qapı açıldı və dolu bədənli, sifəti gülümsər bir adam içəri girdi. Əlfi müəllimlə çox səmimi görüşüb-öpüşəndən sonra Əlfi müəllim qayıtdı ki, Ənvər, yerlini tanımadın? Təccüblə üzümə baxdı və Əlfi müəllimə deyəndə ki, Əlövsət Kəlbəcərdəndir, bizim nəşriyyatın əməkdaşıdır, mənim də yaxın dostumdur, üstümə şığıyıb məni qucaqladı və: “Allah, sənə çox şükür ki, belə bir mötəbər təşkilatda mənim də Kəlbəcərlim işləyirmiş” - dedi. O an Ənvər müəllimin əsl səmimiyyətlə dediyi bu sözlər onun necə Kəlbəcərli olduğunun əyani sübutu idi. İkinci görüşümüz yaşadığı yeddinci mikrorayondakı evlərinin yanında oldu. Dostum Bəxtiyar Qaracanın bacısı universitetə qəbul imtahanı verirdi. O dövrdə tapşırıqla. Yaxud da pulla imtahan yazdırmaq dəbdə idi, həm də əksəriyyəti bu üsuldan yararlanırdı. Bəxtiyarla sübh tezdən hələ müəllimlər evdən çıxmamış bir müəllim dostumuzun evini axtarırdıqki, uşağı tapşıraq. Ənvər müəllim alatoran olmasına baxmayaraq, evlərinin qabağında gəzişirdi. Bizi görən kimi yaxınlaşdı, hal-əhval tutdu, sonra hara getdiyimizi soruçdu. Məqsədimizi biləndən sonra dedi ki, o müəllimi mən də tanıyıram, gəlin birlikdə gedək. Nə illah elədimsə ki, müəllim yaxın dostumuzdur, sadəcə evlərini axtarırıq, əl çəkmədi ki, özüm də sizinlə gedib öz yanımdan xahişimi edəcəyəm. Elə qəti və doğmalıqlq təklif etdi ki, etiraz edə bilmədik və dostumuzla görüşəndə dedi ki, qonşu, elə bil sənin yanına Kəlbəcə gəlib, köməyini əsirgəmə. Sən demə. o müəllim dostumuz da elə Kəlbəcər sevdalısı imiş. Adını da çəkə bilərəm: hamımızın sevimli müəllimi və yaxın dostu, gözəl alim, professor Qara Namazov. Nəhayət, üçüncü və çox-çox təssüflər ki, son görüşümüz Moskvada xəstəxanada oldu. 1987-ci ilin yayı idi. Moskvaya ezamiyyətə getmişdim. Bilirdim ki, xəstədir, onkoloji mərkəzdə əməliyyat olunub. Moskvaya çatdığımızın ertəsi günü güc-bəla ilə tapdım. Palataya girəndə çarpayıda uzanmışdı. Həyat yoldaşı Filyar müəllimə də yanındaydı. Məni görən kimi, dikəlmək, yerindən qalxmaq istədi. Filyar xanım: “Ənvər, Ənvər, neyniyirsən, həkimlər tərpənməyə icazə vermirlər, axı”. Filyar xanımın sözünü kəsdi: “Nə həkim, görmürsən, yanıma Kəlbəcər gəlib!”. Məəttəl qalmışdım: Əzrayılla vuruşasan, Vətəninin adicə bir övladını görəndə bu qədər sevinəsən! Diqqət verdinizmi, cəmi-cümlətanı üç görüş, üçündə də eyni söz: KƏLBƏCƏR! Vətəninə, yurdununa bağlılıq belə olar! Doğulduğu, boya-başa çatdığı böğlgəni belə sevərlər! Ənvər Rzadan ayrı şey gözləmək olmazdı. Torpağına, daşına, dərəsinə bu cür sevgi Ənvər kimi vətəndaşlarda ola bilərdi! Təmənnasız, səmimi, əsl övlad sevgisi... Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının böyük şairidir. Bu kitabda erkən yaşlarının – tələbəlik illərinin şeirləri də yer alıb. Oxuyun, sanki bu misraları birinci-üçüncü kurs tələbəsi yox, neçə-neçə kitabı çıxmış istedadlı, azman şair yazıb: Elə bil ki, göydə ulduz sayrışır, Süzüləndə hərdən yana gözlərin. Mən necə yanıram: deyirəm ki, kaş, Sənin də od tutub yana gözlərin. Şair fəhmi heç vaxt aldatmayıb Ənvəri. Kaş aldadaydı... 1985-ci ildə yazdığı şeirin bir bəndi indi yazılsaydı, hamını inandırmaq olardı. Onda isə, adamın inanmağı nədi, heç ağlına da gəlməzdi ki, vur-tut üç-beş ildən sonra şairin gümanları düz çıxacaq: Dağlar oğlu, dağa qoyma yağını, Aldatdılar, uzaq sandıq yaxını, Əritmişəm ürəyimin yağını Ay batanda çıraq olam dağlara. Əvvala Ənvərin ürəyinə daman gümanlar, bədbəxtçilikdən düz çıxdı. Nə “dağlar oğlu” yağını dağa qoymaya bildi, nə “uzaq sandığımız” yaxınlarımızın əlindən bir iş gəldi, nə də özümüz torpaqlarımızı qoruya bildik. Şairin vəsiyyəti də havadan asılı qaldı... Bu bəndin sonuncu ikinci misrasının üstündə dayanmaq istəyirəm. Şəxsi qənaətimdir: oxuduğum və tanış olduğum poeziya nümunələrində bu cür deyimə rast gəlməmişəm. Təsəvvür edin: dağlar, dərələr. Aydınlıq gecə. Hər yan süd rəngində. Dərələrdən axan çaylar, hətta sızqalar da görünür. Dümağ, tər-təmiz. Dünyanın heç bir canlısının - ən böyük rəssamların belə, yarada bilməyəcəyi mənzərə. Dağlar, daşlar, dərələr sanki ilahi nuruna qərq olub. Qısası, cənnətin bir guşəsi... Təbii ki, bu dünyada cənnət də müvəqqətidir və dağları nura qərq edən Ay yuvarlana-yuvarlana dünyamızın o biri qaranlıq üzünü işıqlandırmağa gedir. Dağlara zülmət çökür. Gözləri, düşüncələri məst edən bayaqkı gözəllikdən əsər-əlamət qalmır. Və dağları - dərələri bu zülmətdən xilas etməyə can atan şair, ürəyinin yağını əridib dağlara çıraq olur: Əritmişəm ürəyimin yağını, Ay batanda çıraq olam dağlara. İlahi, sözdəki qüdrətə bax, şairin canıyananlığına, səmimiyyətinə fikir ver!.. Allah sənə rəhmət eləsin, Ənvər Rza, iki misrayla nə böyük hikmət yaratmısan! Təkcə bu iki nisraylamı?! Hansı şeirini oxuyursan, sanki bir möcüzələr səltənətinə düşürsən. Ənvər Rza nə yazıbsa, ürəkdən yazıb. Bircə misrası, bircə bəndi elə-belə, könülsüz, nəyinsə, kiminsə xatirinə yazılmayıb. Bəşəriyyətin ən qədim mövzusu olan məhəbbətdən də, insanı yaşadan, yaratmağa ilhamlandıran təbiətdən də, mürəkkəb insan pisxologiyasından da yazanda ürəyinin səsinə qulaq asıb yazıb. Ona görə də şeirləri dildə-dodaqda, sazların pərdələrindədir. Artıq əsrin dörddə birinə - 25 ilə yaxındır ki, haqq dünyasındadır, təbliğ eləməyə qohum-əqrabası da yoxdur, amma yenə də elin yaddaşında, toy-düyündə aşıqların dilində yaşayır. Bu bir Tanrı haqqıdır ki, onun boynuna qoyulub. Və illərdir bu haqqın altından şərəflə çıxır Ənvər Rza şeiri. Şeirləri də özü kimi istiqanlı, təssübkeş, bulaq suyu təki təmizdir. Sanki ulu dağların minbir qatından süzülüb. Qəlbi kimi şəffaf, özü kimi halal. Hər misrası Ənvərin bir baxışı, bir duruşu. Hər bəndi Kəlbəcərin bir mənzərəsi, görünüşü... Bu da yehərləyib mindiyim boz daş... Kövrəlmə, ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti a köhnə dam-daş Nə yaxşı görüşdük, nə yaxşı yenə! Və yaxud: Yazda əriş-arğac olur Kəlbəcərə gedən yollar. Köçdə örüş, arxac olur, Kəlbəcərə gedən yollar.
Min bulaqdan içib gedir, Qayaları biçib gedir Ürəyimdən keçib gedir Kəlbəcərə gedən yollar. Bütün poeziyası belədir: saf, təmiz, aydın, səmimi. Çünki doğulduğu kəndin saf havasını udub, təmiz suyunu içib, aydın səmasını seyr edib, səmimi ata-ana tərbiyəsi alıb. Halallığı, düzlüyü Kəlbəcərin sıldırım qayalarından, möhtəşəm dağlarından, zəngin insanlarından öyrənib. Məkan və zaman baxımından işlədiyi dövrdə ətrafdakıların çoxu minbir oyundan çıxır, tələbənin valideyini ilə, “dil tapıb” qəbul pulu, semest haqqı yığır, Ənvər isə bunlara maaş rəğmən cədvəlinə qol çəkib alın təri ilə qazandığı halal pulla balalarını birtəhər dolandırırdı. Ayrı cür olsaydı, müalicəyə getməzdən bir-iki gün qabaq nəşriyyata təqdim etdiyi əlyazmasını dostlarına verəndə: “Bundan başqa bu yazıqlara heçnə qoyub getmirəm. Nəşr etsəniz yenə bir-iki ay güzəranları babat keçər. Atamız bizi yetim qoyub getdi, mən də bu coluq-cocuğu. Özü də gündəlik ruzi qazandım onlara, ayrı heç nə artıra bilmədim. Eləcə qursaqlarını halallığa öyrətdim”, -deməzdi. Məmməd Aslan bu sözləri təkrar-təkrar, yana-yana dilə gətirməkdən usanmır. Əvvəldə qeyd etdiyim kimi, şeirləri elə buna görə də safdır, təmizdir... Məhz elə buna görə də ailəsi – sədaqətli ömür-gün yoldaşı Filyar müəllimə də, qızı Sevinc də, oğlanları Pərviz, Araz, Ceyhun da Ənvər Rza kimi halal yaşamağa vərdiş edib, Ənvər adına layiq insan olublar. Hələ istəkli qaynı, dayısı oğlu, mərd və prinsipial, gözəl cərrah İsmayılov Əli Müseyib oğlunu demirəm... Təbii ki, Ənvər Rzanın şeirlərini, tərcümələrini təhlil etmək niyyətindən uzağam. Çünki bir ön söz həcmində yazıda buna yer ayrıb oxucunu yormaq istəməzdim. Qoy özləri Ənvər dünyasına baş vurub rahatlıq tapsınlar. Mən isə sadəcə, bu kitabın işıq üzü görməsinə səbəb olan amilləri dəyərli oxucularımıza çatdırmağı düşündüm. Bununla həm də, saz-söz vurğunu, ədəbiyyat və nəhayət, Kəlbəcər sevdalısı Eldar müəllimin təhnizindən qurtulmaq istədim. Çünki hörmətli səfrimizin diplomatikcəsinə dediyi “üzünüz ağ olsun” ifadəsi tərs sillə effekti verir. Yəni, ayıb deyilmi, bu boyda şairin, tərcüməsinin, alimin sonuncu kitabı 1994-cü ildə çap olunub... Onu da deyim ki, o kitabın işıq üzü görməsi Eldar Həsənovun sayəsində baş tutmuşdu. Bu da məndən bir xatırlama...
Əlövsət Ağalarov.
Çap etmək
|