Boynuma sarmadın sən qollarını, Mən tapa bilmədim eşq yollarını. Bəlkə bulud olum, göz yaşlarını, Sinəmə doldurum, mən qonaq gəlim.
Gecələr, gözlərim yolda qalanda, Qəlbimdə şəm kimi, sönsə güman da. Həsrətin acısın şeir yazanda, Sözlərə hopdurum, mən qonaq gəlim.
Bir gün, susuzluqdan yansa dodağın, Sənin tənhalıqdan gəlsə sorağın, Həsrət şərabıyla olum qonağın, Badəyə doldurum, mən qonaq gəlim.
Ömürlə barışsam, bir tale kimi, Sübh tezdən görüşüm, sənlə şeh kimi, Gecələr, həsrətdən əsən meh kimi, Zülfünə toxunum, mən qonaq gəlim.
Görmək istəməsən, məni həyatda, Düşünsən çox olar, mənə həyat da Ən gözəl zamanda, gözəl saatda, Röyanda uyuyum, mən qonaq gəlim.
Heç vaxt bəyənmədi yalanı Səfər, Neyləsin? qalmasa çarəsi əgər, Çəksən, qəlbinə yolumda çəpər, Bir yalan uydurum, mən qonaq gəlim.
Çap etmək
|